Xəbərlər
Keçmişimiz ilə qürur duyuruq, gələcəyə inamla addımlayırıq

Şəhla Abdullayeva
Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri
Azərbaycan beynəlxalq səviyyədə ənənələri olan ölkə kimi tanınır və nüfuz qazanır. Tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin qorunması, inkişaf etdirilməsi daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Ulu öndər Heydər Əliyev bildirirdi ki, dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.
Azərbaycan xalqının xoşbəxtliyi məhz dünya dilləri qrupunda özünəməxsus yerə malik dilə sahib olması, keçmişi ilə qürur duyub, gələcəyə böyük inamla addımlamasıdır. Bu, xalqımızın tarixin hər bir dövründə məğrurluğunu, yenilməzliyini nümayiş etdirməsindən, zəngin tarixə malik olmasından irəli gəlir.
Bu baxımdan yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixili Fərmanı tarixi hadisə kimi dəyərləndirildi.
Əbəs yerə dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvəti kimi xarakterizə edilmir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da dilimizin qorunması əsas prioritetlər sırasında oldu. Belə ki, milli-mənəvi dəyərlərimizin qorunmasında xüsusi xidmətləri olan ulu öndər Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” (18 iyun 2001-ci il), “Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu” (30 sentyabr 2002-ci il) və “Azərbaycan Respublikasında dövlət dili haqqında Qanununun tətbiq edilməsi barədə” (2 yanvar 2003-cü il) Fərmanlarının həyata keçirilməsi ilə ədəbi dilimizin fəaliyyət imkanları daha da genişləndirildi, nitq mədəniyyətimizin qarşısında yeni üfüqlər açıldı.
Prezident İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həllivacib prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Həmçinin “Azərbaycan Milli Ensklopediyanın nəşri haqqında” Sərəncam imzalandı.
Dövlət başçısı İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirildi. Bütün bu sənədlər ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını təsdiqləyir. Ana dilimiz mənəvi pasportumuz, ruhumuz, əbədiyyət rəmzimizdir. Azərbaycan dilinin istifadə coğrafiyasını genişləndirmək, dilimizi yad təsirlərdən qorumaq, onun dünya dilləri qrupunda mövqeyini möhkəmləndirmək üçün səylərimizi daha da artıraq.