Xəbərlər
Kəlbəcərli seçicilərlə növbəti görüş keçirilib

Milli Məclisin deputatı Aqil Məmmədov Gəncə şəhər Gülüstan qəsəbində, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının qərargahında kəlbəcərli seçicilərlə görüşüb.
Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak ediblər.
A.Məmmədov bildirib ki, ölkə əhalisinin həssas təbəqələrinin sosial problemlərinin həlli dövlətin prioritet məsələlərindəndir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə artıq keçmiş məcburi köçkün soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. O qeyd edib ki, bu gün şəhid ailələrinə, qazilərə hər iki Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət göstərilir: “Bu gün Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial və mənəvi müdafiəsi üçün böyük işlər görür, hamını əhatə edəcək proqramlar həyata keçirir. Şəhid ailələri daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətlə həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri nəticəsində “Böyük Qaydış” Proqramı uğurla həyata keçiriləcək, vaxtı ilə həmin ərazilərdə yaşayan vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. Kəlbəcərdə quruculuq işləri gedir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsinə start verilir. Yaxın zamanlarda bu işlər yekunlaşacaq və kəlbəcərlilər də öz doğma torpaqlarına qayıdıb əbədi olaraq orada yaşayacaqlar”.
Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşılıb, onların qaldırdıqları məsələlər ilə bağlı aidiyyətı üzrə tapşırıqlar verilib.