Xəbərlər
Sevinc Hüseynova: Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

“Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin tərkib hissəsindən biri regionların sosial-iqtisadi inkişafıdır. Bu məqsədlə ölkəmizdə ardıcıl olaraq dövlət proqramları qəbul olunur, həmin proqramlarda bölgələrin tarazlı, kompleks şəkildə inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur”.
Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, proqramlar çərçivəsində infrastruktur layihələri, qaz, işıq, su, yol və digər istiqamətlərdə layihələr icra olunur, müəssisələr yaradılır, insanların məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində mühüm işlər görülür, sosial obyektlər tikilir: “Bu işlərin aparılmasında hədəf təbii ki, bölgələrdə yaşayan insanların rifah halının daha da yaxşılaşdırılmasından ibarətdir. Bu günlərdə Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı bu məsələlər bir daha vurğulandı ki, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilir və təbii ki, bu infrastruktur layihələri davamlı olaraq icra olunur və bundan sonra da icra olunacaq. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. Bu həm sahibkarlar, həm də işaxtaranlar üçün əlverişlidir”.
S.Hüseynova vurğulayıb ki, Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur: “Təbii ki, bu demoqrafik inkişaf həmçinin yeni iş yerlərinin açılması prosesinin daimi olmasını tələb edir və bu istiqamətdə də dövlətimiz tərəfindən daim iş aparılır.
Ölkə Prezidenti qeyd etdi ki, bəzən məmurlar yaradılan münbit şəraitdən qanunazidd formada istifadə edirlər və məhz bu səbəbdən də bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Dövlətin apardığı bu işlər bir daha göstərir ki, heç kəs qanundan üstün ola bilməz və vəzifəyə təyin olunan şəxslərin əsas vəzifəsi insanlara, xalqa xidmətdən ibarətdir.
Dövlət başçısı bir daha vurğuladı ki, “icra başçıları bütün kəndlərdə olmalıdır, kənd camaatının qayğıları ilə yaşamalıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, xarici və daxili siyasəti dəstəkləyir. Bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində hər zaman Azərbaycan vətəndaşı, sosial rifahı dayanır: “Ölkə Prezidentinin çıxışında bir daha qeyd olundu ki, şəhid ailələrinə, qazilərlə bağlı vəzifəli şəxslər diqqətli olmalıdırlar”.