Xəbərlər
Tarixi zəfərimizdən sonra böyük inkişaf potensialımız və perspektivlərimiz yaranıb

Elşad Mirbəşir oğlu
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, onun milli inkişaf prioritetlərimizə səmərəli şəkildə çatmağa imkan verəcək səviyyədə inkişaf etdirilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır. Dövlət idarəçiliyinin səmərəsi həm də kadrlardan asılıdır. Təsadüfi deyil ki, dövlət başçısı yeni kadrları təyin edən zaman onlarla görüşüb, tapşırıq və tövsiyələrini verir. Ölkə Prezidenti dövrün tələblərinə uyğun olaraq, dövlət idarəetmə sistemində davamlı islahatlar həyata keçirir. Bu, həm institusional, həm də kadr islahatları xarakterli olur. İnstitusional islahatların həyata keçirilməsində başlıca məqsəd qarşıya qoyulmuş vəzifələrə daha optimal çatılması, dövlət idarəçiliyinin daha çevik olmasını təmin etməkdən ibarətdir. Təbii ki, yeni dövrün tələblərinə və yeni inkişaf məqsədlərinə uyğun olaraq, kadr islahatlarının həyata keçirilməsi çox vacibdir. Ölkə Prezidentinin də hər dəfə xəbərdarlıq edərək xatırlatdığı kimi, yeni təyin olunan kadrlar vəzifələrini vicdanla, düzgün yerinə yetirməlidirlər, daim insanlarla təmasda olmalıdırlar və qanunazidd əməllərə yol verməməlidirlər. Cənab Prezident bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini də xatırlatdı. İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipindən çıxış etməlidirlər. Bütün sakinlərə, xüsusilə də şəhid ailələrinə yaxından qayğı göstərilməlidir. Problemlərin sakinlərin öz dilindən eşidilib aradan qaldırılması ümumilikdə yaxşı nəticələri şərtləndirəcək. Dövlət tərəfindən şəhid ailələrinə yaxından diqqət göstərilməkdədir. Onların məişət problemləri həll olunur, mənzillər, fərdi evlər verilir, avtomobillə təmin olunurlar. Prezident tapşırıq verdi ki, rayon icra orqanları da bu istiqamətdə fəallıq nümayiş etdirsinlər. Şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının qayğıları ilə yaxından maraqlansınlar, onların məşğulluğunun təmin olunmasının qeydinə qalsınlar. Ölkə başçısı bir daha vurğuladı ki, azad edilmiş torpaqlarımıza bayrağımızı bizim qəhrəman əsgər və zabitlərimizin sancdığını heç kim unutmamalıdır. Onlar canları, qanları bahasına Vətənimizi işğaldan azad ediblər. Ona görə də hər bir kəs onlara arxa, dayaq durmağa borculudur.
Ölkə Prezidenti təyin etdiyi yeni icra başçılarına müvafiq rayonların inkişaf potensiallarını da xatırlatdı. Həmin rayonların turizm potensialından istifadə edərək, onları turizm mərkəzlərinə çevirmək vəzifəsini qoydu. Prezidentin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası sayəsində rayonların həm siması, həm də sosial-iqtisadi vəziyyəti köklü şəkildə dəyişmişdir. Belə ki, geniş abadlıq-quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, müxtəlif infrastruktur layihələri də reallaşdırılmışdır, sakinləri uzun illər narahat edən elektrik enerjisi, su, qaz, yol, xəstəxana və s. çoxsaylı problemlər aradan qaldırılmışdır. Yeni iş yerlərinin açılmasının daimi xarakterli olması da dövlət başçısı tərəfindən xatırladıldı. Belə ki, ölkəmiz müstəqilliyinə qovuşan zaman əhalinin sayı yeddi milyon təşkil edirdi. Hazırda isə əhalinin sayı on milyonu ötüb. Müvafiq olaraq, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun səmərəli təmin olunması məsələsi daim diqqət mərkəzində olmalıdır. Yeni iş yerlərinin yaradılması prosesində kənd təsərrüfatının inkişaf etdirilməsi təsirli rol oynaya bilər. Bu baxımdan, ölkə Prezidenti müasir tələblərə cavab verən kənd təsərrüfatının yaradılması tapşırığını da verdi. Torpaqlardan səmərəli istifadə etməklə, müasir aqrotexniki tədbirlər görməklə ümumilikdə kənd təsərrüfatının inkişaf etdirilməsi regionların sosial-iqtisadi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırar və müvafiq olaraq, yeni iş yerlərinin açılması da təmin edilmiş olar. Bu zaman ekologiyanın qorunmasının vacibliyi məsələsi də Prezident tərəfindən xüsusi vurğulandı.
Beləliklə, ölkə Prezidenti məmurların yeni dövrün, yeni reallıqların tələblərinə, müvafiq olaraq, yeni inkişaf prioritetlərimizə uyğun səmərəli fəaliyyət göstərmələri üçün növbəti çağırış və xəbərdarlıq etdi. Vətən müharibəsində tarixi zəfərimizdən sonra xüsusilə böyük inkişaf potensialımız və perspektivlərimiz yaranmışdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem qalmasın, heç bir ədalətsizlik olmasın.