YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dilinin dünya dilləri sırasında özünəməxsus yeri var

David İbrahimxəlilov

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyev Azərbaycan respublikasına rəhbərliyə gəldiyi ilk illərdən ana dilinin problemləri ilə bilavasitə məşğul olub, tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllini təmin edib. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dili artıq sovet dönəmində dövlət dili statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycan dilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib.
Həmçinin müstəqillik illərində ümummilli lider Heydər Əliyev imzaladığı bir sıra mühüm sənədlərlə Azərbaycan dilinin inkişafını və qorunmasını təmin edib. 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi.
Bu gün dilimizin qorunması və inkişaf etdirilməsi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.

Ana dilimizə hər zaman böyük sevgi bəsləyən, dil mədəniyyətimizin zənginləşməsinə daim xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyev öz çıxışlarının birində demişdir: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”. Həqiqətən də zəngin imkanlara malik olan Azərbaycan dilinin bu gün dünya dilləri sırasında özünəməxsus yeri var. Son dərəcə səlis fonetikaya, sabit qrammatik quruluşa, yüksək yazı mədəniyyətinə və zəngin söz ehtiyatına sahib olan müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-texniki, mədəni və hərbi sahələrdə əhatəli şəkildə və ən əsası rahatlıqla işlənir. Əlbəttə ki, tarixin müxtəlif dövrlərində, ölkəmizin ayrı-ayrı imperiyaların tərkibində olduğu dönəmlərdə ana dilimiz də müxtəlif təsirlərə məruz qoyulmuşdur. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz doğma dilini qoruyub saxlamış, inkişaf etdirmiş və bugünkü səviyyəsinə gətirib çıxarmışdır. Bu gün dünyada 50 milyon insanın danışdığı, onların arasında əsas ünsiyyət vasitəsi olan Azərbaycan dili həqiqətən də istənilən bir sahədə, istənilən fikir və anlayışı dəqiqliklə ifadə etməyə qadir olan mükəmməl dillərdən biridir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsinə hər zaman böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.” Bu baxımdan dövlət başçısı tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam xüsusi əhəmiyyət kəsb edən sənədlərdən biridir. Bu Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Yenə də 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi reallaşıb. Təbii ki, bu mövzuda danışarkən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirləri də qeyd etmək lazımdır. Çünki dilin inkişafı müasir dünyada elektron informasiya məkanlarında həmin dilin tətbiqi olmadan mümkün deyil. Buna görə də Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi xüsusunda olduqca önəmli rol oynayır. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan vətəndaşları elektron hökumət portallarında ictimai həyatımızın bütün sahələrini əhatə edən xidmətlərdən rahatlıqla istifadə edə bilirlər.