Xəbərlər
Bərdədə idman festivalı keçirilib

YAP Bərdə rayon təşkilatının növbəti tədbiri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümünə həsr edilib. Bərdə rayonu Heydər Əliyev adına park-bulvarda idman festivalı keçirilib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülərək əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli mövzu ilə bağlı ətraflı danışaraq dövlət Gənclər və İdman siyasətinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında, ölkəmizdə idmanın inkişafında müvafiq nazirliyin mühüm rolundan söz açıb. Qeyd edib ki, bu gün ölkə gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycana yeni-yeni uğurlar qazandırır. Hazırda ölkəmizdə çoxlu sayda vətənpərvər, intellekual, nümunəvi və dünya miqyasında öz sözünü deyə bilən gənclər və idmançılar yetişməkdədir.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya qeyd edib ki, Azərbaycanda gənclərə, idmançılara dövlət qayğısı uğurlu gələcəyə hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. F.Şadlinskaya 44 günlük Vətən müharibəsində idmançı və gənc əsgər və zabitlərin vahid komandanlıq ətrafında dəmir yumruq olmasından, xalq, iqtidar və ordunun möhtəşəm birliyinin qazandırdığı böyük Qələbədən söz açıb. Bildirib ki, Qələbə ruhumuz, müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti milli maraqlar ətrafında birliyimizdən və həmrəyliyimizdən keçir.
Festival boyu 300 nəfəri əhatə edən rayon gənclərinin və idmançıların gimnastika, cüdo, sambo, sərbəst güləş, qol güləşi, kikboksinq, muay-tay, boks, MMA, budo, uşu-sanda, kyokuşinkaykan və cyui-taido idman növləri üzrə nümunəvi çıxışları göstərilib.