YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Ölkəmizdə İKT sektoru hal-hazırda aparıcı iqtisadiyyat sahəsi kimi dinamik inkişaf edir

«Ölkəmizdə İKT sektoru hal-hazırda aparıcı iqtisadiyyat sahəsi kimi dinamik inkişaf edir, eyni zamanda, digər sosial-iqtisadi sahələrin inkişafında və ümumilikdə cəmiyyətin həyatında fəal rol oynayır. Son 10 il ərzində sektorun həcmi təqribən 20-25% orta illik artım tempi ilə artaraq 2.0 milyard ABŞ dollarını ötmüşdür. Bu müddətdə sektora 3.0 milyard ABŞ dolları investisiya qoyuluşu həyata keçirilmiş və bunun da 80%-ə yaxını yerli və xarici biznes strukturları tərəfindən yatırılmışdır. Cəmiyyətdə İKT-dən istifadəyə əlverişli şəraitin yaradılması, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər görülmüşdür». Bu fikirləri yap.org.az saytına rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Ə.Abbasov bildirib ki, Azərbaycan İKT sahəsinin inkişafı üzrə əldə edilmiş bir çox nailiyyətlərə görə MDB məkanında liderlər sırasındadır. Məsələn, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, bütün yaşayış məntəqələri telefonlaşdırılmış və bölgə mərkəzləri magistral fiber-optik şəbəkə ilə birləşdirilmişdir. Ölkənin əhali yaşayan ərazisi tamlıqla çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilmişdir. Onun sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımı ilk dəfə Azərbaycanda tətbiq olunmağa başlanmış və hazırda bu yayım texnologiyası əhalinin 99%-nin yaşadığı əraziləri əhatə edir.

«Ölkədə ən qabaqcıl texnologiyalar tətbiq edilir, onların sırasında sabit şəbəkədə “Yeni nəsil” (NGN), mobil rabitədə 3 və 4-cü nəsil (3G, 4G) texnologiyalarını qeyd edilməlidir. İnternetə bütün müasir vasitəsilə çıxış imkanları yaradılmışdır. İndi əhalinin 73%-i internet, 55%-i isə genişzolaqlı internet istifadəçisidir, hər 100 nəfərə düşən mobil telefonların sayı 110-a çatmışdır. Ölkəmiz İnternet istifadəçilərinin və mobil abunəçilərin sayına görə dünya orta göstəricisini müvafiq olaraq 2 dəfə və 14,3% qabaqlayır. Bütün ev təsərrüfatlarının 53,2%-nin kompüteri, 71,6%-nin isə internetə çıxışı mövcuddur»- deyə, nazir vurğulayıb.