YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda şəhid Hikmət Səfərovun xatirəsi anılıb

Ağdam rayonunda Vətən müharibəsi şəhidi Səfərov Hikmət İldırım oğlunun 50-ci doğum günü münasibətilə anım tədbiri keçirilib.

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, şəhid ailələri, ictimaiyyət nümayəndələri rayonun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Anım mərasimi Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsində şəhidin xatirəsinə inşa olunan abidə-bulaq kompleksinin qarşısında davam edib.

Çıxış edənlər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı qələbədən, Hikmət Səfərovun həyat və döyüş yolundan, göstərdiyi şücaətdən, xalqa və dövlətə bağlılığından danışıblar.

Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı olan Hikmət Səfərov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 2020-ci il oktyabrın 10-da bu istiqamətdə ağır yaralanıb. Dekabrın 8-də Bakı şəhərində müalicə aldığı hərbi hospitalda şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hikmət Səfərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.