Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək
2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etmişdir. Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdir. Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasmindəki çıxışında deyib. Prezident yarışların Təşkilat Komitəsinin çox fəal və böyük uğurla işlədiyi qeyd edərək bildirib ki, artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsinə tam hazırdır. “Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir. Beynəlxalq yarışların keçirilməsi üçün bizim kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynamışdır” – deyə dövlətimizin başçısı vurğulayıb.
Prezidenti İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcək.