Xəbərlər
Qurban bayramı münasibətilə Goranboy, Ağdam və Tərtərdə şəhid, qazi, əlil və aztəminatlı ailələrə sovqat göndərilib
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə Qurban bayramı münasibətilə 97 saylı seçki dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarının 30-dan çox yaşayış məntəqəsindən 1000-ə yaxın şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları, qurbanlıq ət payı və bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Təbrik məktubunda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənələrə uyğun təmin edilməsinin, milli dəyərlərimizin təbliği və təşviqinin dövlətimizin siyasətinin prioritetlərindən olduğu bildirilib.
Vurğulanıb ki, artıq ikinci ildir xalqımız Qurban bayramını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan böyük Zəfərdən irəli gələn qələbə ovqatı, işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa və yenidənqurma işlərindən doğan qürur hissi ilə qeyd edir.
Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən mübarək Qurban bayramı günlərində Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, ölkəmizin firavanlığı və xalqımızın rifahı naminə dualar oxunur.
Diqqətə çatdırılıb ki, Qurban mərasimlərində Azərbaycanın müstəqilliyi və əzəli torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ölməz xatirəsi dərin ehtiramla yad olunur, igid qazilərimizə şəfalar dilənir.
Qurban bayramı münasibətilə sakinlərə səmimi təbriklərini və xoş arzularını yetirən deputat vurğulayıb ki, dualaramızın və niyyətlərimizin Uca Tanrının dərgahında qəbul olunması cəmiyyətimizin xeyirxahlıq, şəfqət, mərhəmət ənənələrini və milli-mənəvi həmrəyliyini daha da möhkəmləndirəcək. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti isə qalib dövlət kimi əbədi yaşayacaq.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Onlara bildirilib ki, belə aksiyalar bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.