Xəbərlər
Məlahət İbrahimqızı: Həmsədrlərin fəaliyyətindən razı qalmaq mümkün deyil
«ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən razı qalmaq mümkün deyil». Bu fikri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, həmsədrlər 20 il ərzində münaqişənin nizamlanması istiqamətində heç bir iş görməyiblər. Onun sözlərinə görə, həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bölgəyə səfərini turist səfəri də adlandırmaq olar.
«Həmsədr dövlətlər münaqişənin nizamlanmasına ikili standartlarla yanaşırlar. Buna səbəb münaqişə tərəflərinin eyni statusla dəyərləndirilməsidir. İşağlçı Ermənistan, torpaqları işğal olunan isə Azərbaycandır. Lakin tərəflər eyni statusla dəyərləndirilir. Həmçinin hər iki tərəfdən eyni güzəştlərin tələb olunması göstərir ki, ATƏT-in Minsk qrupu bu problemin həlli ilə ciddi məşğul olmur. Amma beynəlxalq müstəvidə Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi istiqamətində Azərbaycanın siyasəti müsbət nəticələrini verməkdədir. Bir sıra beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi haqda sənədlər qəbul edib və həmin sənədlərdə Azərbaycan torpaqlarının işğal olunması faktı əksini tapıb»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.