YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müharibədən sonra müstəqil Azərbaycanımız tamamilə yeni inkişaf yoluna qədəm qoyub

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər etməsi dövlət başçımızın bu məsələlərə nə dərəcədə həssas yanaşdığını göstərir. Növbəti belə səfərdən biri də iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına olan səfəridir. Səfər zamanı dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış oldu, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak etdi. Bütün bu yenidənqurma işləri göstərir ki, biz istədiyimizə nail olaraq, Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Lakin ilk növbədə, Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə hərbi hissənin açılışı xüsusilə əhəmiyyət kəsb edir. Cənab Prezidentimizin komando hərbi hissəsinin açılışında səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki,  Azərbaycanda ordu quruculuğu davamlı olaraq həyata keçirilir və keçiriləcəkdir.  Komando qüvvələri də istənilən zaman ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Azərbaycan Prezident cənab İlham Əliyev çıxış edərək bildirdi ki, “İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə - hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.” Bu gün də Ermənistanda revanşist qüvvələrin baş qaldırmağa, Azərbaycanı təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışdıqlarını müşahidə edirik. Lakin bütün bunlar boş xəyallardır. 44 günlük müharibə zamanı vətənpərvər Azərbaycan övladları öz qanları bahasına torpaqlarımızı işğaldan azad edərək bizə tarixi Zəfərimizi yaşatdılar. Azərbaycan xalqının vətənpərvərliyi, dövlətimizin başçısının ətrafında birləşməsi qələbəmizi şərtləndirdi. Heç nə əsgərlərimizin döyüş əzmini, xalqımızın sabaha olan inamını qıra bilmədi və biz tarixi zəfər çaldıq!

Biz Kəlbəcəri bir güllə atılmadan, qansız-qadasız işğaldan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə çox geniş quruculuq işləri - yol infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi prosesi gedir. Cənab Prezident həmçinin, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında, Laçın Beynəlxalq Hava Limanında aparılan işlərlə də tanış oldu. Səfər zamanı cənab Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, İstisu sanatoriyasının təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyası ilə tanış olub. Ümumiyyətlə, hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə geniş bərpa-quruculuq işləri həyata keçirilir, bütöv şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Onu da qeyd etməliyəm ki, işğaldan azad edilmiş bütün şəhər və rayonların baş planları cənab Prezidentin nəzarəti ilə yerli və xarici şirkətlər tərəfindən yüksək surətlə hazırlanmaqda davam edir. Bu səfər zamanı dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı da təqdim edildi. Kəlbəcər şəhəri bu baş plan əsasında tamamilə yenidən qurulacaq. Hazırda qarşımızda görüləcək işlər çoxdur. Təbii ki, bu işləri keyfiyyətlə yerinə yetirmək üçün düşünülmüş addımlar planı olmalıdır.  Aparıcı dünya təcrübəsi əsasında, cənab Prezidentin tapşırığı ilə işlənib hazırlanan “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl enerji”, “sıfır tullantı”  konsepsiyaları və bir çox digər müasir şəhərsalma yanaşmaları işğaldan azad olunmuş əksər ərazilərimizə tətbiq ediləcək. Baş planı hazırlanan şəhərlərimizin də həmin texnologiyalarla qurulacağını əminliklə söyləmək olar. İşğaldan azad edilmiş bütün şəhər və rayonların hər birinin planlarının hazırlanması zamanı müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, məşğulluğunun təmin olunması prioritet götürülüb. Görülmüş bütün bu işlərlə yanaşı, tarixi və dini abidələrimiz də bərpa edilir.

Sonda qeyd etmək istərdim ki, müharibədən sonra müstəqil Azərbaycanımız tamamilə yeni inkişaf yoluna qədəm qoyub. Müzəffər Ali Baş Komandanımızın tapşırıq və tövsiyyələrinə əsasən vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə çox mühüm işlər görülür. Vətənimizin hər yeri gözəlləşir, ölkəmiz inkişaf edir. Bu reallıq bütün Azərbaycan xalqının sabaha olan inamını daha da artırır.