YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində fəal siyasət həyata keçirir

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Məhz bunun nəticəsidir ki, ölkəmiz bütün platformalarda etibarlı tərəfdaş kimi dəyərləndirilir. Bu baxımdan, Azərbaycanın BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı müstəvisində genişmiqyaslı fəaliyyəti xüsusi qeyd edilməlidir.

Məlumdur ki, bugünlərdə ölkəmizdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirildi. Konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub, qurumun sədri və sədr müavinləri seçilib. Beləliklə, paktiki olaraq Bakı şəhərində yeni bir nüfuzlu beynəlxalq platformanın əsası qoyuldu. Konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi də platformanın önəminin göstəricisidir.

Parlament Şəbəkəsi Qoşulmama Hərəkatının  tarixində yeni səhifə açır və bu platforma üzv dövlətlər arasında parlamentlərarası əlaqələrin inkişafına xidmət edəcək. Azərbaycan bu beynəlxalq platformadan mühüm  tribuna kimi istifadə edib və etməkdədir. Torpaqlarımızın işğal altında olduğu illərdə Azərbaycan Qoşulmama Hərəkatının tirbunasından fəal istifadə edərək Ermənistanın işğalçılıq siyasətini dünyada ifşa edirdi. Bu barədə təşkilatın bir sıra sənədlər qəbul etdiyini hamımız bilirik. 44 günlük Vətən müharibəsinin gedişində də biz bu qurumun dəstəyini gördük. Xüsusilə, BMT Təhlükəsizlik Şurasında məhz Hərəkata üzv ölkələrin qətiyyətli mövqeyi nəticəsində ölkəmizə qarşı sənəd qəbul olunmadı. Belə faktların sayını artırmaq da olar.

Xüsusi vurğulanmaldır ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunması beynəlxalq ictimaiyyətin Prezident İlham Əliyevin təşəbbüslərinə verdiyi dəstəyin növbəti nümunəsidir. Bakı konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti, irəli sürdüyü beynəlxalq təşəbbüslər, ölkəmizin bu təşkilata üzv olan dövlətlərlə fəal əməkdaşlığı, bir birinə dəstəyi, eləcə də İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət  haqqında fikirlərini ifadə edib.

Ümumiyyətlə, təşkilatın fəaliyyətində əsas faktor dünyada sülh və təhlükəsizliyin təmin olunması, dövlətlərin suveren hüquqlarına, ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq və digər önəmli məsələlərdir. Məhz Azərbaycanın da xarici siyasət konsepsiyasının mərkəzində bu amillər dayanır ki, təşkilatda təmsil olunmaq ölkəmizin maraqları ilə bilavasitə üst-üstə düşür. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında da qeyd etdiyi kimi “Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlib. Əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi mühüm beynəlxalq təşəbbüslərlə çıxış etməsi bütün dünyaya məlumdur. Dövlətimizin başçısının həmin təşəbbüsləri dünya ölkələri tərəfindən daim yüksək qiymətləndirilib. COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində həm Qoşulmama Hərəkatı, həm də BMT səviyyəsində keçirilən mötəbər toplantılar buna sübutdur. Eyni zamanda, ölkəmizin təşəbbüsü ilə BMT-də COVİD-19-la mübarizə çərçivəsində bir sıra sənədlər qəbul olunub. Bütün bunlar Azərbaycanın və onun Prezidentinin  dünyada yüksək nüfuzunun göstəricisidir.

Şübhəsiz ki, hazırkı mürəkkəb qlobal proseslər fonunda Parlamentlər Şəbəkəsinin yaradılması Hərəkatın üzvü olan dövlətlərin parlamentləri arasında əməkdaşlığın genişlənməsində də vacib rol oynayacaq. Bu təsisat dünyanı narahat edən problemlərin həllində də öz mövqeyini ortaya qoyacaq. Azərbaycan sülh, təhlükəsizlik və əməkdaşlıq naminə bu platformadan da uğurla faydalanacaq.