YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev bu il iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər ra­yonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi fikirlər Azərbaycanın gücünün və qüdrətinin yüksək olduğunu bəyan etdi.  Silahlı Qüvvələr Gününün işğaldan azad edilmiş Kəlbəcər rayo­nunda qeyd edilməsi çox qürurverici olmaqla, məhz həmin gün Kəlbəcərdə komando qüvvələrinin hərbi hissəsinin açılışı eyni zamanda Azərbaycan ordusunun gücünü nümayiş etdirdi. Bu, artıq ikinci komando qüvvələrinin hərbi hissəsidir. Xatırlatmaq yerinə düşər  ki, birinci belə bir hərbi hissə altı ay öncə Hadrutda açılmışdı. Dövlət başçımız açılış mərasimindəki çıxışında da bildirdi ki, komando qüvvələri bütün silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Kəlbəcər rayonunda hərbi hissənin açılması bir daha təsdiqləyir ki, biz istəyimizə nail oluruq və bundan sonra da olacağıq. İkinci Qarabağ müharibəsi haqqın və ədalətin bərpası ilə yanaşı, həm də Azərbaycan dövlətinin qüdrətinin nümayişi oldu.  30 ilə yaxın işğal altında qalan torpaqlarımızı respublikamız öz hərbi gücü ilə azad etdi. Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti qərb siyasi dairələrinin, dünya erməniliyinin himayə etdiyi Ermənistanın işğal siyasətini cəmi 44 günə darmadağın etdi.

Savaşdan sonra da bütün dünya Azərbaycanın gücünə şahidlik etməkdədir. Belə ki, Ermənistanın üçtərəfli bəyannamələrlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün Bakının yürütdüyü qətiyyətli siyasətlə yanaşı, beynəlxalq aləm Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyini görür. Bir neçə gün əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına tarixi səfəri bir daha respublikamızın qüdrətinin təcəssümü oldu. Əvvəlcə onu qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin bərpası milli prioritet kimi xüsusi diqqətdədir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi nəzarətində saxlayır. İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur. Artıq qısa zaman ərzində bir sıra iri layihələrin icrası başa çatdırılıb. Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası azad olunmuş ərazilərin bərpası istiqamətində güclü siyasi iradənin olduğunu nümayiş etdirir. Həm də belə layihələr dövlətimizin yetərli maliyyə imkanlarından xəbər verir. Azad olunmuş ərazilərdə icrası başa çatdırılan meqalayihələrdən biri də Zəngilan rayonunun Ağalı kəndindəki "ağıllı kənd" layihəsinin birinci mərhələsidir. Kəndin bərpası bir daha göstərir ki, azad olunmuş ərazilərin bütün sakinləri tezliklə doğma yurdlarına qayıdacaqlar. Ən əsası, Azərbaycan dövləti onlar üçün ən yüksək standartlara cavab verən yaşayış şəraiti yaradır. Qeyd etməliyik ki, qarşıdakı dövrdə azad olunmuş ərazilərin bərpası daha da sürətlənəcək, bu istiqamətdə həyata keçirilən layihələrin əhatə dairəsi genişlənəcək. Bunu deməyə 2022-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklər də əsas verir. Artan büdcə gəlirlərinin böyük qismi işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldiləcək. Yeri gəlmişkən, işğaldan azad olunmuş digər rayonlarla müqayisədə Kəlbəcər və Laçın daha mürəkkəb coğrafi və təbii relyefi olan dağlıq əraziləri əhatə edir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti həmin rayonları kompleks şəkildə yenidən qurur. Düzdür, hazırda prioritet istiqamət yeni yolların salınması, kommunikasiyaların yaradılması olsa da, digər istiqamətlərdə də bərpa və yenidənqurma işləri həyata keçirilir. Xüsusi vurğulamaq yerinə düşər ki, Kəlbəcər və Laçında yeni yolların salınması digər rayonlarla müqayisədə olduqca çətin və mürəkkəb coğrafi şəraitdə həyata keçirilir. Toğanalı-Kəlbəcər-İstisu yolu sərt dağlıq və qayalıq ərazilərdən keçsə də,  işlər qrafikə uyğun davam edir. Yolun Murovdağ silsiləsində, dağların zirvəsində dünyada ən uzun  avtomobil tunellərindən olan Murovdağ tunelinin inşası isə dövlətimizin apardığı yenidənqurma işlərinin əzəmətini göstərir. Murovdağ tunelindən əlavə, yolda daha üç tunelin inşası nəzərdə tutulur. Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Prezident İlham Əliyevin işğaldan azad olunmasından sonra Kəlbəcərə etdiyi ilk səfər zamanı, ötən il avqustun 16-da "Kəlbəcər" yarımstansiyasının, budəfəki səfəri zamanı isə yeni tikilmiş 4,4 MVt gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasının açılışını etmişdir. Bu layihələrin başa çatdırılması göstərir ki, mürəkkəb coğrafi şəraitinə baxmayaraq, Kəlbəcərin bərpası işləri sürətlə aparılır. Prezident İlham Əliyev bu səfəri zamanı Laçın rayonunda "Qorçu" elektrik yarımstansiyasında görülən işlərlə, "Həkəriçay" su anbarı layihəsi ilə, Laçın Beynəlxalq Hava Limanında və  Kəlbəcər-Laçın avtomobil yolunda, Kəlbəcərdəki "Çıraq-1" Kiçik Su-Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış oldu. O cümlədən dövlət başçısı Kəlbəcər şəhərinin baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin və "İstisu" mineral su zavodunun təməlini qoydu. Bütün bunlar Laçın və Kəlbəcərdə aparılan bərpa və yenidənqurma işlərinin məhdud sfera ilə yekunlaşmayaraq kompleks məzmun daşıdığını göstərir.

Qürurla deməliyik ki, Azərbaycanın Vətən müharibəsindəki parlaq zəfərindən dərhal sonra  işğaldan azad olunmuş bütün  ərazilər Prezident İlham Əliyevin iradəsi və qətiyyəti, dövlətimizin maliyyə imkanları hesabına yenidən qurulur. Bu torpaqları azad edən Müzəffər Ali Baş Komandan həm də onlara yeni nəfəs verir.  Artıq düşmənin vurduğu yaralar sağalmağa başlayıb. Azad olunmuş ən ucqar ərazilər belə indi tikinti meydanını xatırladır. Ən əsası isə odur ki, azad olunmuş ərazilərimiz yüksək səviyyədə bərpa olunur, yenidən qurulan bütün şəhər və kəndlərimizdə ən müasir həyat standartları yaradılır.