YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzərin tranzit imkanlarınının artırılmasında Azərbaycan mühüm rola malikdir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan regionda sülh və əməkdaşlıqda maraqlı olan ölkədir. Eyni zamanda, ölkəmiz bu istiqamətdə praktik addımlar atan ölkələrdəndir. Məhz ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin əsas istiqamətlərindən biri də regionda dayanıqlı sülh və davamlı inkişafın təmin olunmasıdır. Bu baxımdan Prezident cənab İlham Əliyevin Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı xüsusilə qeyd edilməlidir.

Hazırda Xəzəryanı ölkələr arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir və bu sahədə Azərbaycanın xidmətləri danılmazdır. Xəzəryanı ölkələr qarşılıqlı əlaqələrlə yanaşı BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də ikitərəfli və çoxtərəfli əməkdaşlıqlara malikdirlər. Bütün bunlar isə Xəzər dənizində sabitliyin və təhlükəsizliyin əsasını təşkil edir. Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkələrimiz arasında olan mövcud əlaqələrin müqavilə-hüquqi bazası haqqında geniş məlumat verərək davamlı inkişaf edən münasibətləri şərtləndirən mühüm amilləri qeyd etdi. Bu amillər əsasən Xəzəryanı ölkələrin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmasıdır.

Xəzər dənizi regionda mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsini və region xalqlarının rifahının yüksəldilməsini təmin edən əsas faktordur. Ölkələrimiz arasında imzalanmış ikitərfəli və çoxtərəfli layihələr regionun nəqliyyat imkanlarından istifadəni də genişləndirir. Xüsusilə, Azərbaycanın yaratdığı müasir nəqliyyat-kommunikasiya infrastukturu Xəzərin tranzit imkanlarını artır ki, bu da Xəzəryanı ölkələrin maraqlarına xidmət edir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilərək istismara verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın mühüm töhfəsi kimi qiymətləndirilir.

Ölkə başçısı Zirvə Toplantısında haqlı olaraq qeyd etdi ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsi Azərbaycanın əsas məqsədlərindəndir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Nəqliyyat infrastrukturunun inkişafına dair mövcud layihələrin imkanlarının genişləndirilməsində, eləcə də gələcək layihələrin icrasında hazırda reallaşmaq üzrə olan Zəngəzur dəhlizi mühüm rola malik olacaq. Zəngəzur dəhlizi Azərbaycanla yanaşı digər Cənubi Qafqaz və Xəzəryanı ölkələrin tranzit imkanlarını daha da artıracaqdır.

Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev Xəzər dənizindəki mövcud ekoloji problemlər və onların həlli istiqamətində öz fikirlərini də səsləndirdi. Ölkəmiz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Mövcud ekoloji problemlərin həlli, Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi şübhəsiz ki, Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyətindən asılıdır.