YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı 30 illik torpaq həsrətindən sonra tarixi zəfərə imza atdı

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Azərbaycan xalqı 30 illik torpaq həsrətindən  sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoydu.

Noyabrın 10-da Rusiya Prezidentinin də iştirakı ilə imzalanmış bəyanat Ermənistanın hərbi-siyasi məğlubiyyətini etiraf etməsi, Azərbaycanın bu ölkənin kapitulyasiyası üçün irəli sürdüyü şərtlərin rəsmiləşdirilməsidir. Ermənistanın təslim olmasının əsas səbəblərindən biri də Azərbaycan Ordusunun böyük rəşadət hesabına Şuşanı işğaldan azad etməsi idi – bu tarixi uğurla Ermənistan Ordusuna sarsıdıcı zərbə vuruldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etdi, həlledici qələbənin əldə olunmasına qədər dayanmaq əmri vermədi.

Ermənistan Ordusunun 30 il müddətində formalaşdırdığı “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Qısa dövrdə Ordumuzun endirdiyi sərrast zərbələr nəticəsində Ermənistanın 3 milyard ABŞ dolları məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistanın işğalçı qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmağa məcbur olması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu, həm də 30 ildən çox müddətdə Vətən həsrəti ilə yaşayan insanların nisgilinə, habelə onların ümidsizliyinə son qoyulmasıdır. Əlbəttə, Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Bununla belə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev onların ən böyük arzusunu, doğma yurdlarına qayıtmaq amalını gerçəkləşdirdi.

44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Bu günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmayıb, onun iradəsinə mənfi təsir göstərməyib. Ermənilərin təxribatlarına, vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Bərdə, Goranboy, Ağdam və s. digər rayonlarının, habelə Gəncə şəhərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə, əzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda bir nəfər də olsun, fərarilik faktı qeydə alınmadı.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədə Azərbaycanın diplomatik və təbliğati üstünlüyünü təmin etdi, düşmənə informasiya sferasında ciddi zərbələr vuruldu. Azərbaycan cəmi 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.

Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq edərək, Ermənistana öz şərtlərini diktə etmək istəyirdi və buna tam nail oldu. Biz bu qələbəni döyüş meydanında qazandıq! 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi və digər qəsəbələr döyüş meydanında azad edildi.

İmzalanmış bəyanatda Dağlıq Qarabağa hansısa hüquqi statusun verilməsi ilə bağlı müddəa yoxdur. Bu, Ermənistanın Qarabağın “müstəqilliyi” və ya onlara hansısa statusun verilməsi ilə bağlı əsassız iddialarının puç olması deməkdir. Bununla belə, Azərbaycan sivil, çoxetnoslu, multikultural ölkə kimi Dağlıq Qarabağ ermənilərinin bir neçə rayonda təhlükəsiz şəraitdə yaşamalarına zəmanət verir.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyət göstərməsi də xalqımızın maraqlarına uyğundur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi sənəddə təsbit edilib. Bununla faktiki olaraq həm də türk dünyası arasında nəqliyyat-kommunikasiya həlqəsi bərpa olunacaq.

Beləliklə Azərbaycan qalib gəldi və gəlməli idi də! Çünki bu, Vətən müharibəsi idi. Vətən borcunu yerinə yetirmək, vətəndaş olduğumuzu sübut etmək üçün aparılan müqəddəs müharbə idi.  Babalarımızın hər qarışı uğrunda qan tökdüyü və bizlərə miras kimi deyil, əmanət kimi qoyub getdikləri müqəddəs torpaqları gələcək nəsillərə əmanət kimi də çatdırmaq üçün aparılan mübarizə və müharibə idi. Biz hökmən qalib gəlməliydik, necə ki, gəldik. Yoxsa bizim yaşamaq haqqımız olmazdı. Bunu bizim xalqımız, dövlət başçımız, şanlı Azərbaycan Ordusu, zabitləri və əsgərləri etdilər.

Eşq olsun onlara! Qarabağ Azərbaycandır!