YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi əsas vəzifələrdən biridir

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsində tarixi zəfər qazanan Azərbaycan dövləti qarşıda dayanan hədəflərə çatmaq üçün əzmlə gələcəyə doğru addımlar atır. Bu baxımdan, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi əsas vəzifələrdən biridir. Torpaqlarımız işğaldan azad olunsa da, ordu quruculuğu keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Müharibədən sonra imzalanmış yeni  müqavilələr icra edilir, ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar alınır. Yeni silahlı birləşmələrin - Komando Briqadasının yaradılması isə böyük hərbi-strateji əhəmiyyətə malikdir.

Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Dövlət başçısı möhtəşəm tarixi Qələbənin qazanılmasından, Zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən, Azərbaycanın XXI əsrin müharibəsini aparmasından, yeni mərhələdə ordu quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və digər bir sıra mühüm məsələlərdən bəhs etdi. Cənab Prezident söylədi ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir: “Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq. Altı ay bundan əvvəl Hadrutda birinci komando hərbi hissəsi açılmışdır. Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq”.

Müzəffər Ali Baş Komandan Kəlbəcərdə çıxışı zamanı bir daha inamla, qürurla və qətiyyətlə bildirdi ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Dövlət başçısı vurğuladı ki, “Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik”.

Hazırda dövlətimizin siyasətində işğaldan azad edilmiş ərazilərin başlıca yerlərdən birini tutur. Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edildikdən sonra qarşılaşdığımız mənzərə nəinki bizi, həm də dünya ictimaiyyətini dəhşətə gətirmişdi. Yaşı minilliklərə söykənən şəhər və kəndlərimiz viran edilmiş, canlı aləmin yaşaması üçün heç bir şey qalmamışdı. Baxmayaraq ki, ermənilər həmin əraziləri özününkü hesab edirdilər. Əməlləri isə yalanlarını bir daha ortaya çıxarırdı. Həmin vaxt o ərazilərə baxmaq kifayət edirdi ki, erməni xislətinə dərindən bələd olasan. Bu gün isə həmin ərazilər yeni görkəm almaqdadır, bütün istiqamətlərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Görülən işlər dövlətimizin başçısı cənab İlham Əliyevin bilavasitə ardıcıl olaraq nəzarəti altındadır, infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirak edir, aparılan bərpa işləri ilə şəxsən tanış olur, müvafiq göstəriş və tövsiyələrini verir. Laçın və Kəlbəcərdə də dövləimizin başçısı görülən işlərlə yaxından tanış oldu, yeni təməllər atdı. Beləliklə, işğaldan azad edilmiş ərazilər tezliklə cənnətə çevriləcək, insanlar öz doğma yurdlarına qayıdaraq firəvan yaşayacaqlar!