YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycanın Xəzər hövzəsində yürütdüyü siyasət milli maraqlarımıza xidmət edir

Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının əhəmiyyəti hövzənin özünün hazırki beynəlxalq münasibətlər sistemində tutduğu mühüm geosiyasi və geoiqtisadi önəmə malik olması ilə səciyyələndirilir. Bu da Xəzər dənizinin zəngin enerji resurslarına malik olması və Avropanı Asiya ilə birləşdirən geostrateji mövqedə yerləşməsindən irəli gəlir.

Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, eyni zamanda  Xəzər dənizində reallaşdırılan və geniş geografiyanı əhatə edən neft-qaz boru kəməri layihələri hövzənin enerji və nəqliyyat mərkəzi kimi əhəmiyyətini artırır: “Toplantıda  Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquq bazasının gücləndirilməsi, təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, su bioloji ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması və Xəzər dənizinin dibinin delimitasiyası ilə bağlı ikitərəfli və üçtərəfli formatda hüquqi qüvvəyə malik sazişlərin bağlanması, eyni zamanda, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq kimi məsələlər müzakirə edilmişdir.”

Azərbaycan Prezidenti cənab İlham Əliyev toplantıda çıxış edərək, ölkəmiz üçün Xəzərin böyük əhəmiyyət kəsb etdiyini  vurğuladı və Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvesiyanın tarixi əhəmiyyət kəsb etdiyini qeyd etdi. Dövlət başçısı bildirdi ki, “çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib və Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”.

Deputat qeyd edib ki, illər ərzində Azərbaycan Xəzər hövzəsində əməkdaşlığa mühüm əhəmiyyət verib və bu əməkdaşlığın artırılması və səmərəli qurulması üçün böyük töhfələr verib: “Belə ki, Azərbaycanın səyləri və təşəbbüsləri nəticəsində bir çox layihələr, həm enerji layihələri, həm də nəqliyyat layihələri reallaşdırılıb. Bu layihələr Xəzər hövzəsində yerləşən ölkələrin iqtisadi inkişafına və bu ölkələrdə yaşayan xalqların rifahının yüksəldilməsinə də xidmət edib.

Ölkə Prezidenti  çıxışında bildirdi ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Cənab Prezident həmçinin Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcminin artığını qeyd edərək bu limanın tikilməsinin və istifadəyə verilməsinin Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olduğunu diqqətə çatdırdı.

Dövlət başçımız Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafından və Trans Xəzər beynəlxalq mürşurutunun əhəmiyyətindən söz açmaqla eyni zamanda diqqəti həm də Vətən müharibəsində əldə edilən qələbəmizə və münaqişənin həllindən sonra Qarabağ və Şərqi Zəngəzurda görülən işlərə yönəltmişdir. Ölkəmizin Prezidenti qeyd etmişdir ki, Azərbaycanda nəqliyyat əlaqələrinin inkişafı üzrə geniş miqyaslı işlər görülməkdədir və Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

Ölkə Prezidenti Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətlərin mövcud olduğunu da vurğulayıb və Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlərin oldugunu qeyd etmişdir. Cənab Prezident İlham Əliyev bildirdi ki, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”.

Deputat əlavə edib ki, toplantı bir daha ölkəmizin istər regionda, istərsə də Xəzər hövzəsində yürütdüyü siyasətin milli maraqlarımıza xidmət etdiyini göstərdi.