Xəbərlər
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri bütün dünyaya nümunədir
Pərvin Kərimzadə
Yap İdarə heyətinin üzvü, Milli məclisin deputatı
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin hər biri mühüm əhəmiyyətə malik olan tarixi hadisəyə çevrilir. Dövlətimizin başçısı 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə Şərqi Zəngəzura səfəri çərçivəsində Böyük Qayıdışa xidmət edən infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirak etdi. Kəlbəcər və Laçında müasir infrastruktur layihələrinin icrası Böyük qayıdışla yanaşı, mühüm iqtisadi perspektiv vəd edir. Qeyd edək ki, Vətən müharibəsindəki şanlı Zəfər, Qarabağın inkişafı, Böyük Qayıdış planının icrası müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsi olmaqla yanaşı ölkəmizin dünyadakı nüfuzunu, siyasi və iqtisadi çəkisini daha da artırır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçını sülhə məcbur etmək məqsədilə qətiyyətli əks-hücum əməliyyatlarının gedişində qazandığı möhtəşəm qələbə dünya hərb tarixində öz dəsti-xətti ilə seçildi. Ən başlıcası, müstəqil dövlətimiz Birləşmiş Millətlər Təşkilatının erməni silahlı birləşmələrinin işğal olunmuş torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən, lakin ikili standartlar üzündən illər ərzində kağız üzərində qalan qətnamələrinin icrasını özü təmin etdi. Qarabağın qala qapısı sayılan Kəlbəcərin, əsrarəngiz Laçının azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı, xalq-iqtidar birliyinin dünyaya nümayişi oldu. Kəlbəcəri, Laçını tərk edərkən belə təbii sərvətlərimizi talan edən ermənilər ağacları kəsdilər, evlərə, meşələrə od vurdular, əsl ekoloji terror törətdilər. Dünya birliyi də, beynəlxalq təşkilatlar da, işğalçı Ermənistana havadarlıq edənlər də, bəzi Qərb liderləri də erməni vandallarının ekoloji terroruna, maddi mənəvi abidələrimizin dağıdılmasına, dini abidələrinin viran qoyulmasına səssiz qaldılar. Uzun illər işğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına hasilatı, təbiətinin, endemik nümunələrinin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi bu gün yalnız ölkəmizin deyil, bütün dünya dövlətlərinin də diqqət mərkəzində olmalıdır…
Azərbaycanın Ermənistanla sərhədboyu ən uzun məsafəyə - 136 kilometrlik sərhəd xəttinə malik Kəlbəcərdə üçrəngli bayrağımızın dalğalanması, həm Kəlbəcərdə, həm Laçında müstəsna əhəmiyyətə malik infrastruktur layihələrin həyata keçirilməsi çox qısa zamanda kəlbəcərlilərin, laçınlıların doğma yurdlarında yeni həyata başlayacaqlarından xəbər verir. 2022-ci ilin 26 iyun tarixində dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kilovoltluq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olması, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışlarında iştirak etməsi burada aparılan işlərin miqyasını və əhəmiyyətini göstərir. Səfər zamanı Prezident İlham Əliyev həmçinin İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun təməli qoyulub. Dövlət başçımız 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksinin təməlini qoydu, bu müəssisənin 300 nəfərə xidmət edəcəyini, gələcəkdə geniş turist axınına imkan yaradacığını xüsusi vurğuladı. Prezident İlham Əliyev, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış oldu. Səfər çərçivəsində dövlət başçısına Kəlbəcər şəhərinin baş planı da təqdim olunub. Bildirilib ki, Kəlbəcər şəhərinin baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri araşdırılıb, tətbiq edilə biləcək nümunələri ilə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Müzəffər Ali Baş Komandan Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonunda komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə də iştirak edib. Prezidentin vurğuladığı kimi, qələbəmizdən ötən ilyarımda işğaldan azad olunan ərazilərdə nəhəng layihələr icra edilib və bu proses davamlı xarakter daşıyır.
Beləliklə, Qarabağda və Şərqi Zəngəzurda nəhəng işlər görülür. İnfrastruktur layihələr, həm xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlər bərpa edilir, həm də muzeylər, hava limanları, dəmir yolları, tunellər salınır. Cəmi il yarım ərzində görülən bütün işləri saymaqla tamamlamaq mümkün deyil. Bütün bunlar isə torpaqlarımıza necə sahib çıxdığımızın sübutudur. Bütün görülən işlər, atılan addımlar xalqımızda bir daha əminlik yaradır ki, Ermənistanın viran qoyduğu yurd yerlərimiz tezliklə dirçələcək, torpağının altı da, üstü də zəngin xəzinə olan Şərqi Zəngəzur ölkə Prezidentinin birbaşa nəzarəti və rəhbərliyi altında tez bir zamanda Azərbaycan iqtisadiyyatına inteqrasiya edəcək.