Xəbərlər
“Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı Polşada silsilə tədbirlər keçirilib
Aprelin 21-dən 24-dək Polşada “Bakı-2015” ilk Avropa Oyunlarına həsr edilmiş silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi, “Bakı-2015” ilk Avropa Oyunları nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak ediblər.
Tədbirlər arasında Polşa Olimpiya Komitəsində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan təqdimat mərasimi xüsusi əhəmiyyət daşıyıb. Təqdimat mərasiminə Polşa Olimpiya Komitəsinin prezidenti, bu ölkənin idman və turizm naziri, Prezident yanında Administrasiyanın rəhbəri, Polşanın idman birliklərinin və dövlət qurumlarının nümayəndələri, KİV-lərin təmsilçiləri qatılıblar.
Aprelin 24-də isə Polşa Olimpiya Komitəsinin Baş Assambleyasının illik yığıncağı keçirilib.
Birinci Avropa Oyunları ilə bağlı müxtəlif qurumlarda keçirilən görüşlərdə təqdimatla yanaşı, “Bakı-2015” ilə bağlı polyak dilində xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib, təbliğat materialları paylanıb.