Xəbərlər
İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması əsas çağırışdır

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycanın dayanıqlı inkişafında islahatlar əsas rol oynayır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işlərinin aparılması da ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır ki, bu da düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Azərbaycan gündəmə gətirdiyi hər bir layihəni daim zamanında və yüksək səviyyədə başa çatdırır. Bu gün dünyaya təkmil dirçəliş modelini təqdim edən Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi «ağıllı şəhər» və «ağıllı kənd» layihəsi barədə beynəlxalq səviyyədə səsləndirilən fikirlər də bunu təsdiqləyir.
Dövlət başçısı İlham Əliyev iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatdakı nitqində bir daha bildirmişdir ki, ümumilikdə, yenidənqurma prosesində hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasında olacaq.
O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Məhz bu kimi addımlara söykənərək cənab İlham Əliyev Forumdakı nitqində əsas hədəfin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşası olduğunu açıqladı. Bildirdi ki, yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.
Cənab İlham Əliyevin Azərbaycanın Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusunda olduğunu bildirməsi də ölkəmizin yüksək səviyyəli beynəlxalq tədbirlər üçün əsas məkan seçilməsindən və bu sahədə zəngin təcrübəyə malik olmasından irəli gəlir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Hətta bu gün azad Qarabağımız, azad Şuşamız da belə bir missiyanı uğurla yerinə yetirir. Maraqlısı budur ki, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin əksəriyyətində iştirakçılara işğaldan azad edilmiş ərazilərimizdə olub bu torpaqlarda aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq imkanları yaradılır. Azərbaycanın qısa müddətdə gördüyü genişmiqyaslı bərpa-quruculuq işləri xarici qonaqları heyrətləndirir. Bütün bunlar onu təsdiqləyir ki, Azəbaycan 30 ildə müharibə şəraitində yaşasa da Qələbəyə hazırlaşmış, bütün sahələr üzrə mühüm uğurlara imza atmışdır. Hər bir ölkənin tərəqqisində əhəmiyyətli rol oynayan iqtisadi inkişaf dövlət siyasətimizin əsasında dayanır. Bu gün işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni təşkil etmək üçün addımlar atılır. İqtisadi rayonların yeni bölgüsünün aparılması, həmçinin yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da deyilənlərin təsdiqidir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizə diqqət yetirsək, hər biri müasir tələblər səviyyəsində görülən işlərin miqyası ilə diqqətdədir. Təkcə dövlət başçısı İlham Əliyevin son Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə nəzər salmaq kifayətdir. Bütün addımlar ümumilikdə Böyük Qayıdışa xidmət edir. Cənab İlham Əliyev bildirir ki, soydaşlarımız ən yüksək yaşayışla və xidmətlə təmin edilməlidirlər. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST mərkəzlərinin bu ərazilərdə də yaradılacağı bildirilir. Bu torpaqların tamamilə müasir tələblər səviyyəsində qurulması əsas çağırışdır. Həmin ərazilərdə təkmil idarəetmə sisteminin yaradılması sonrakı proseslərin aydın mənzərəsini yaradır.
Məhz istər paytaxt Bakımızın, istərsə də işğaldan azad edilmiş şəhərlərimizin bərpası, simasının yenilənməsi, müasirləşməsi yönümündə atılan addımların uğurlu nəticəsidir ki, Azərbaycan daha yaxşı gələcək naminə şəhərlərin dəyişdirilməsi təcrübəsini təqdim edir, həmçinin belə bir Forumun növbəti sessiyalarının birinə ev sahibliyi etməyə hazır olduğunu bildirir.