Xəbərlər
Zakir Həsənov: Şəxsi heyətin sağlamlığı döyüş hazırlığına təsir edən əsas amillərdəndir
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin tibb komandanı - Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, general-polkovnik Ömər Paçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş iştirakçıları əvvəlcə Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində tədris, təlim, praktiki məşğələlər üçün yaradılan Simulyasiya Mərkəzi, tədris laboratoriyası, kompyuter sinfi, kitabxana, həmçinin yataqxana kompleksi ilə tanış olublar.
Tanışlıq zamanı bildirilib ki, hərbi tibb fakültəsində yeni yaradılan Simulyasiya Mərkəzi dünyanın qabaqcıl ölkələrində istehsal olunan müasir tədris vasitələri - manekenlər (mulyaj) ilə təchiz edilib. Bu manekenlər üzərində fakültənin kursant və rezidentlərinə magistral damarların pulsasiyası, patoloji ürək tonları, ürək ritminin və ağciyər tənəffüsünün pozulması halları, həmçinin torokosintez, traxeyanın intubasiyası, plevra boşluğunun drenaj edilməsi, venapunksiya kimi əməliyyatlar öyrədilir. Bu tədris vasitələrinin köməyi ilə gələcək hərbi həkimlər yüksək praktik vərdişlərə yiyələnəcəklər.
Sonra brifinq salonunda şəxsi heyətlə görüş keçirilib.
Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev bildirib ki, hərbi tibb təhsilinin bütün formalarının mərkəzləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin Sərəncamına əsasən, 2000-ci ildə Tibb Universiteti nəzdində hərbi tibb fakültəsinin yaradılması qərara alınıb. Bu ilin fevralında müdafiə nazirinin tapşırığı və dəstəyi nəticəsində fakültənin əsaslı təmirinə başlanıb. Hazırda fakültədə təhsil alan kursantlar Silahlı Qüvvələrin şəxsi heyətinin tibbi təminatının müasir tələblərinə cavab verən peşəkar hərbi tibbi kadrların əsasını təşkil edirlər.
Türkiyənin hərbi tibb tarixi haqqında məlumat verən general-polkovnik Ömər Paç Azərbaycana səfərindən şərəf duyduğunu, dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi tibb istiqamətində də əməkdaşlığın yüksək səviyyədə qurulduğunu və daim genişləndiyini vurğulayıb.
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov da bu günün hərbi tibb fakültəsinin tarixində əlamətdar gün olduğunu və yeni binada kursantlar üçün hər cür şəraitin yaradıldığını bildirib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrin hər bir sahəsində olduğu kimi, hərbi tibb sahəsinin də sürətlə inkişaf etdiyini vurğulayıb. Türkiyə ilə hərbi tibb sahəsində əməkdaşlığa toxunan nazir bu istiqamətdə təhsil, təcrübə mübadiləsi və digər işləri, eləcə də qardaş ölkənin dəstəyini yüksək qiymətləndirib.
Zakir Həsənov son vaxtlar cəbhədəki gərgin vəziyyətə, düşmənin təxribat törətmək cəhdlərinə diqqət yetirərək hərbi tibb mütəxəssislərinin dərin biliklərə, geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib.
“Hər bir hərbi həkim bilməlidir ki, şəxsi heyətin sağlamlığı, əsgərə ilkin tibbi yardımın göstərilməsi döyüş tapşırığına, ümumilikdə döyüş hazırlığına təsir edən əsas amillərdən biridir. Məhz bu səbəbdən də torpaqlarımızı işğaldan azad etməyə hazır olan Silahlı Qüvvələrimizdə xidmət edən hərbi həkimlərimizin döyüş meydanında rolu əvəzsiz və danılmazdır”, - deyə müdafiə naziri bildirib.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.