Xəbərlər
Nepal Nümayəndələr palatasının üzvü: Azərbaycanın dünyada sülhün, əmin-amanlığın təmin olunması səyləri yüksək qiymətləndirilir
Azərbaycanın COVID-19 pandemiyası dövründə bu xəstəliklə mübarizədə nümayiş etdirdiyi fəaliyyət təqdirəlayiqdir.
Bunu Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçısı, Nepal Nümayəndələr palatasının üzvü Ramçandra Rai deyib.
“Mən Azərbaycan hökumətinin dəvəti ilə burdayam. Parlament sədri olaraq Bakının ev sahibliyi etdiyi bu konfransda iştirak etdiyim üçün çox şadam. Azərbaycanın son illərdə bir çox beynəlxalq təşkilatda təmsil olunması, həmçinin Qoşulmama Hərəkatına sədrliyi və digər səmərəli fəaliyyəti nüfuzunu artırıb”, - deyə Ramçandra Rai bildirib.
O qeyd edib ki, Vətən müharibəsi ilə münaqişəyə son qoyan Azərbaycan dövlətinin dünyada sülhün, əmin-amanlığın təmin olunması səyləri yüksək qiymətləndirilir. Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi, insanların nigarançılıq olmadan yaşamaları üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması çox vacibdir və bu proses davam etdirilməlidir.