Xəbərlər
Silahlı Qüvvələr günün işğaldan azad edilmiş Kəlbəcərdə qeyd olunması unudulmaz tarixi nailiyyətdir
David İbrahimxəlilov
Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri
Ölkəmizdə Vətən müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Cənab Ali Baş Komandan İlham Əliyevin birbaşa göstərişi ilə ilk dəfə 24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışı bu yolda mühüm addımların atıldığını, silahlı qüvvələrimizin getdikcə daha yüksək səviyyəyə çatdırıldığını sübut edir.
30 ilə yaxın müddətdə erməni təcavüzündən əziyyət çəkən xalqımız 44 günlük müharibədə qalib xalq olduğunu göstərdi. Bəynalxalq güclərin ikili standartlarina məruz qalan Azərbaycan ilk növbədə ordu quruculuğuna önəm verdi.Təməli ölkəmizin iqtisadi gücünə söykənən hərb siyasəti nəticəsində müasir standartlara cavab verən silah və texnikalar arsenalımıza daxil edildi, şəxsi heyətin hərbi hissədə gündəlik fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün arzuolunan şərait yaradıldı, hərbçilərin sosial rifahının yüksəldilməsi üçün böyük işlər görüldü. Həmçinin Ali Baş Komandanın tapşırığı ilə ordu rəhbərliyi tərəfindən aparılan islahatlar nəticəsində hərbi qulluqçuların döyüş vərdişlərinin artırılması, habelə, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məqsədilə fəaliyyətlər planlı və mərhələli şəkildə həyata keçirildi. Bir sözlə, Azərbaycan Ordusunun qüdrətlənməsi üçün uzun yol qət edildi. Nəticədə ordumuz böyük uğurlara imza atmağı bacardı. Dünyanın güclü orduları sırasında qərarlaşan Şanlı Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardıqları uğurlu hərb siyasətinin təcəssümüdür. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan əsgərinin 44 günlük haqq savaşında qazandığı Böyük Qələbə Ali Baş Komandana sədaqətin, xalqa inamın qələbəsi oldu.
Müharibədən sonrakı keçən hər gündə Azərbaycan Ordusunun güclənməsi sahəsində çox böyük işlər görülmüşdür. Bu özünü həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərindən göstərir. Ordumuz ən müasir silahlarla silahlanıb, döyüş qabiliyyəti artıb. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılıb, demək olar ki bütün sərhəd boyu ərzilərimizə tam nəzarət təmin edilib. Cənab Ali Baş Komandan İlham Əliyev yaratdığı qüdrətli, müzəffər ordunun gücündən və Vətən müharibəsində ortaya qoyulan qətiyyətdən söz açaraq bildirib ki, Azərbaycan get-gedə daha da güclənir və bu proses davam etdikcə silahlı qüvvələrimiz də modernləşir. Yeni açılan hərbi hissə isə torpaqlarımızın müdafiə və mühafizəsində çox mühüm tapşırıqları yerinə yetirəcək. Qalib komandan hər zamankı kimi, bir daha işğalçı Ermənistana mesajlar ünvanlayıb və bu dəfə sərt xəbərdarlıq edib: ”Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz.”
Bu gün Azad edilmiş ərazilərdə geniş tikinti quruculuq işləri aparılır. Kəlbəcərin infrastrukturunun qurulmasına, elektrik və su təchizatına, evlərin tikilməsinə artıq start verilib. Prezident İlham Əliyevin 26 iyun tarixində Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışında qeyd etdiyi kimi, Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Bununla belə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında Murov dağının altından çəkilən ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, onlarla körpü inşa edilir. Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya da artıq hazırdır. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə işləri aparılacaq və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Azad edilmiş bütün rayonlarda olduğu kimi, Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyulub.
Cəmi bir il yarım ərzində görülən işlər göstərir ki, bu torpaqların əsil sahibləri qayıdıb və yeni həyat quruculuğu başlayıb. Xalqla iqtidarın birliyi, Vətən sevgisi, qurub yaratmaq, abadlaşdırmaq istəyi bu xalqın ruhundadır və bunu biz əməlimizlə dünyaya göstərə bilirik. Bu birliyin və əzmin qarşısında duracaq qüvvə isə ola bilməz. Çünki indi tarixi yazan və tarix yaradan müzəffər xalq, qalib dövlət və güclü sərkərdədir.