Xəbərlər
III Qlobal Açıq Cəmiyyətlər Forumunda Liviyanın xarici işlər naziri də iştirak edəcək
Liviyanın xarici işlər naziri Mohamed Dayri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycana gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusunda keçiriləcək Forumda Mohamed Dayrinin məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub.
Foruma qatılacaq Liviya nümayəndə heyətinin tərkibində sabiq Baş nazir Əbdürrəhim El-Keyb və Liviyanın Avropa İttifaqındakı səfiri Farida Allaghi də var. Farida Allaghi eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Əbdürrəhim El-Keyb isə təşkilatın üzvüdür.
Bakı Forumunda iştirak etmək üçün Mohamed Dayri ilə yanaşı, üç ölkənin hazırkı dövlət başçısı-Qırğızıstan Prezidenti Almazbek Atambayev, Makedoniya Prezidenti George İvanov, Bolqarıstan Prezidenti Roşen Plevneliyev, eləcə də Andorranın Baş naziri Antoni Marti, Maltanın Baş naziri Jozef Muskat, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya da bu ayın sonunda Azərbaycana gələcək.