YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Yaranmasının 104-cü ilini qeyd etdiyimiz rəşadətli Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusundan biridir. Təbii ki, Azərbaycan Ordusunun bu səviyyəyə çatması üçün çox böyük işlər görülüb, düşünlümüş siyasət və düzgün strategiya həyata keçirilib. Müstəqil Azərbaycanda ordu quruculuğunun əsasını dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Ulu Öndərin bu sahədəki xidmətləri misilsizdir. Hələ Sovetlər dönəmində Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması Ulu Öndərin qətiyyəti və güclü iradəsi nəticəsində mümkün olmuşdu. Müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev ordu quruculuğu həyata keçirərkən bu liseyin məzunlarından istifadə edərək nizami ordu yaratmışdır. Azərbaycan Ordusunun silah-sursatla təchizatı davamlı olaraq həyata keçirilmiş, şəxsi heyyətin peşəkarlıq səviyyəsinin artırılması üçün lazimi işlər görülmüşdür.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə ordu quruculuğunu da zamanın tələbləri çərçivəsində həyata keçirərək Azərbaycan Ordusunun güclü orduya çevrilməsini təmin etmişdir. Dövlət büdcəsindən hərbi xərclər üçün ayırılan vəsait ildən-ilə artırılmış, Silahlı Qüvvələrimizin arsenalına ən müasir silah-texnika əlavə edilmişdir. Eyni zamanda, əsgər və zabitlərin peşəkarlıq səviyyəsinin artırlması məqsədi ilə mütəmadi olaraq hərbi təlimlər təşkil edilmiş, xüsusilə də qardaş Türkiyə ilə birgə keçirilən təlimlərdə müxtəlif qoşun növlərinin iştirakı təmin edilmişdir.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi davamlı ordu quruculuğu sayəsində Azərbaycan Ordusu dünyada güclü və yüksək peşəkarlıq səviyyəsi olan bir orduya çevrilmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusnun gerçək gücünü düşmənə və bütün dünyaya sübut etdi. Ədalətli müharibə aparan Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etməklə tarixi ədaləti bərpa etdi. Hər gün irəli gedərək kəndlərimizi, şəhərlərimizi azad edən vətənpərvər Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. İkinci Qarabağ müharibəsi Azərbaycan əsgərinin, Azərbaycan zabitinin yüksək vətənpərvərlik ruhunda yetişdiyini bütün dünyaya sübut etdi.

İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Yaralı əsgər və zabitlərimizin hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq, xahişləri vətənpərvərlik ruhunun nə dərəcədə yüksək olduğundan xəbər verir.

Azərbaycan Ordusu döyüş meydanında öz üstünlüyünü sübut edərək düşmənə layiq olduğu dərsi verdi. Azərbaycan öz torpaqlarını qan tökərək azad etdi və erməni işğalına son qoydu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Bu gün bütün dünya Azərbaycan Ordusunun gücündən danışır. Beynəlxalq hərbi mərkəzlər, dünyanın tanınmış hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun hərbi taktikasını öyrənməklə məşğuldur.

Azərbaycan Ordusunun gücünə güc qatan bir sıra mühüm amillər mövcuddur ki, onlardan biri də xalqın yekdil birliyidir. Məhz Azərbaycan dövləti öz torpaqlarını xalq-Ali Baş Komandan-ordu birliyi sayəsində azad edərək ərazi bütövlüyünü bərpa etdi.

DİGƏR Xəbərlər Arxiv