Xəbərlər
Vüqar İskəndərov: Qısa müddətdə Qarabağda görülən işlər Azərbaycanın iqtisadi gücünün təsdiqidir
2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 ili tamam olur. Əlbəttə bu 30 ildə Azərbaycan müstəqil bir dövlət kimi bu təşkilatda özünəməxsus yer tutmaqla hazırda ən sürətli inkişaf edən bir dövlət kimi BMT-nin nüfuzlu ölkəsinə çevrilməyi bacarıb. Bunu deputat Vüqar İskəndərov açıqlamasında bildirib: “Cənab Prezident İlham ƏLiyevin liderliyi dövründə Azərbaycanın BMT kimi bir ali quruma töhfələri də olmuşdur ki, bu gün biz bunların nəticələrini görürük. Prezident İlham Əliyevin Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyada çıxışı zamanı “artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib”, deməsi BMT ilə Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olmasını göstərir”.
Deputat həmçinin qeyd edib ki, Azərbaycan hazırda paytaxt Bakı ilə yanaşı digər rayonlarda da, işğaldan azad olunmuş torpaqlarımızda da şəhərlərin inkişafı istiqamətində mühüm layihələr həyata keçirir. Işğal dövründə Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Ermənilərin vaxtilə viran qoyduğu şəhərlər bu gün sürətlə bərpa olunur. Yenidənqurma işlər ən müasir texnologiya ilə həyata keçirilir. Təkcə Ağalı kəndini nəzər salmaqla Azərbaycanın innovativ texnologiyalardan məharətlə istifadəsini göstərmək olar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Digər tərəfdən qısa müddətdə Qarabağda görülən işlər Azərbaycanın iqtisadi gücünün də təsdiqidir. Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” devizi göründüyü kimi Azərbaycan üçün həmişə prioritet olub. Çünki bütün şəhələrimiz illər əvvəlki görüntüləri ilə müqayisədə çox sürətli bir şəkildə həm yenilənib, həm də inkişaf edib. Bu prosesin postmüharibə dövründə də davam edir.