Xəbərlər
Vüsar İsmayılov: Azərbaycanla Özbəkistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində uğurla davam edir
“Pandemiya şərtləri başa çatan kimi Azərbaycan Respublikasının Prezident İlham Əliyevin ilk rəsmi səfərini 21 iyun tarixində Özbəkistan Respublikasına etməsi sözsüz ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan və Özbəkistan əlaqələrinin tarixi çox qədimdir. Tarixin bütün dövrlərində bu iki ölkə millətinin soy kökü, tarixi, dili, mədəniyyəti və s. ilə bir-birinə sıx bağlı olub. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə digər qardaş ölkələrlə olduğu kimi, Özbəkistan Respublikası ilə qurduğu əməkdaşlıq münasibətləri də bu günkü proseslərin təməli hesab oluna bilər. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xarici siyasət kursunda mühüm uğurlara imza ataraq, digər ölkələrlə münasibətlərini tənzimləməyə və əməkdaşlıq müstəvisinə keçirməyə başladı. Bu gün də bu siyasət kursu dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi.
Vüsar İsmayılovun sözlərinə görə ölkə Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində keçirilən müxtəlif tərkibli görüşlər, aparılan danışıqlar, əldə olunan razılıqlar, imzalanan rəsmi sənədlər münasibətlərimizin bu günkü inkişaf dinamikası ilə yanaşı, gələcək perspektivindən də xəbər verir. Sözsüz ki, Azərbaycan bütün ölkələrlə dostluq, əməkdaşlıq münasibətləri qurmaqda maraqlıdır. Dünyada və regionda sülhün, tərəqqinin mənbəyi əməkdaşlıqdan qaynaqlanır. Bu baxımdan ölkəmizin region və qeyri-region ölkələri ilə əməkdaşlığı xarici siyasətimizin prioritet istiqamətlərindən biridir: “Xüsusilə türkdilli ölkələrlə münasibətlərimizin ən yüksək inkişaf səviyyəsinə qaldırılması, xalqlarımızın soy kökündən irəli gələrək bir-birinə daha da yaxınlaşdırılması milli maraqlarımıza xidmət edir. Türkdilli ölkələr bir-birinə hər zaman bağlı olub, bundan sonra da bu tendensiya davam edəcək. Çünki hər iki ölkə rəhbəri bu istiqamətdə uğurlu addımlar ataraq, ölkələrimizin və xalqlarımızın inkişafı, bir-birinə daha sıx tellərlə bağlanması üçün yorulmadan və əzmlə çalışır”.
Partiyanın rayon təşkilatının sədrinin sözlərinə görə ölkə Prezidenti İlham Əliyevin Özbəkistan səfəri bir sıra aspektlərdən yüksək tarixi və siyasi əhəmiyyət daşıyır. Öncə qeyd etmək lazımdır ki, dövlət başçısının yüksək səviyyədə qarşılanması, 20-dək müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədin imzalanması olduqca əhəmiyyətlidir. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” iki ölkə arasında münasibətlərin strateji tərədaşlıq səviyyəsinə qaldırılması istiqamətində mühüm addımdır. Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında, hərbi-texniki əməkdaşlıq haqqında, beynəlxalq avtomobil əlaqələri haqqında, sənaye sahəsində əməkdaşlıq haqqında Sazişlər və digər sahələrdə birgə əməkdaşlığı nəzərdə tutan sənədlər əlaqlərimizin çoxşaxəli olmasından xəbər verir.
Ölkələrimizin beynəlxalq müstəvidə də uğurla əməkdaşlıq etdiyini qeyd edən Vüsar İsmayılov milli məsələlərdə iki qardaş ölkənin bir-birinə dəstəyindən söhbət açdı: “Özbəkistan işğaldan azad etdiyimiz ərazilərimizdə həyata keçirilən abadlıq və quruculuq işlərində də iştirak etmək niyyətini açıqlayıb. Artıq bu istiqamətdə işlərə başlanılıb və Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb binasının inşasına başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir. Azərbaycan xalqı bu doğma münasibəti yüksək qiymətləndirir və heç zaman unutmayacaq. Ölkələrimiz bu gün olduğu kimi, bundan sonra da bir-birinə dəstək olacaq, qarşılıqlı maraq doğuran məsələlərlə yanaşı, milli məsələlərdə də bir-birinin mövqeyini ən ali tribunalardan müdafiə edəcək”.
Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə Azərbaycanla Özbəkistan arasında münasibətlərin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyinə əminik. Münasibətlərimizin bu səviyyədə inkişaf etməsi xalqlarımızın bir-birinə yaxınlığından və ölkə başçılarının siyasi iradəsindən xəbər verir.