Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Ali baş komandan olaraq, güclü sərkərdə kimi tarix yazdı
Rufiz Qonaqov
YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü Azərbaycan xalqı öz qalib ordusunun bayramını qeyd edir. Artıq 2 ildir xalqımız və silahlı qüvvələrimiz öz ərazi bütövlüyünü bərpa edərək, Zəfər əldə edib. Qürurvericidir ki, Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi qalib edən əsası 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Silahlı qüvvələrimiz var.
Ali baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu, böyük maliyyə imkanları və iqtisadi potensial olan ölkəmizin hərbi qüdrətini artırdı. Hər il ordumuza ayrılan böyük maliyyə vəsaiti, diqqət və qayğı ordumuzu dünyanın ən güclü orduları sırasına daxil etdi.
44 günlük qələbə eyni zamanda, ölkəmizin xarici və daxili siyasətinin bu illər ərzində düzgün olduğunu nümayiş etdirdi. Uğurlu diplomatik əlaqələr, ölkəmizdə dialoq mühitinin formalaşması, siyasi həmrəyliyin əldə edilməsi, ordumuzun Zəfərini reallaşdırdı. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ali baş komandan olaraq, güclü sərkərdə kimi tarix yazdı. Cənab İlham Əliyevin güclü sərkərdə olaraq bu gün dünyada və beynəlxalq təşkilatlardakı nüfuzu daha da artmaqdadır.
Azərbaycan ordusunun qüdrəti və gücü sayəsində düşmən kapitulyasiyaya imza atmağa məcbur edildi. İşğalçı Ermənistan ordusunun 70 faizdən artıq canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Uzun illər ərzidə işğalçının öz hərbi gücünü bərpa etmək imkanları belə qalmayıb. Rəşadətli ordumuz göstərdi ki, bizimlə heç kəs, eləcə də Ermənistan və onun havadarları güc dili ilə danışa bilməz. Dəmir yumruq hər an onların başını əzməyə hazırdır. Bugündə onlar əgər tez bir zamanda təmamilə məhv olmaq istəmirlərsə, sülh sazişinə imza atmalı və ölkəmizin ərazi bütövlüyünü tanımalıdırlar.