YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycan yaşadıqca xalqımızın yaddaşında, ürəyində yaşayacaq

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Ümummilli Liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin sınaqlarından uğurla çıxdı.

Bir çox insanlar həyatı boyu müxtəlif zirvələri fəth edə bilərlər. Ancaq zirvənin özü olmaq yalnız seçilmiş insanlara nəsib olan bir lütfdür. Təbii ki, bu bir cümlədən belə aydın olur ki, söhbət xalqımızın ümummilli lideri Heydər Əliyevdən gedir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ümummilli Lider kimi şəxsiyyətlər millətin taleyini təyin etmək məsuliyyətinin nə demək olduğunu çox gözəl anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və rahatlığı üçün çalışmaqda görürlər.

Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda ölkə faktiki olaraq vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Torpaqlarımız itirilir, hərc-mərclik, özbaşınalıq tüğyan edirdi. Məmləkəti heç cürə idarə edə bilməyənlər məcbur olub Heydər Əliyevi hakimiyyətə dəvət etdilər. Ancaq bu dəvət onların könüllü istəyi deyil, xalqın arzusu idi.

O dövrdəki iqtidar təmsilçilərinin seçdikləri özünütəcrid xətti nəticəsində Azərbaycanı dünyada nə tanıyan vardı, nə də haqq səsimizi eşidən. Ona görə də ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixi hesab olunur. Ümummili lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdı. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran və sarsıntılardan çıxararaq müstəqillik yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Bu böyük şəxsiyyətin zəngin irsini araşdırarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir.

“Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, amma xalqına, Vətəninə, onun yüksək əxlaqi keyfiyyətlərinə qarşı çıxmaq yolverilməzdir”, - deyən ulu öndər Heydər Əliyevin bu fikri onun necə dahi şəxsiyyət olduğunu bir daha sübut edir.Heydər Əliyev respublika rəhbərliyində olduğu bütün mərhələlərdə respublikanın iqtisadiyyatının inkişafına, insanların həyat səviyyəsinin yüksəldilməsinə, ölkəsinin ittifaqda və dünyada tanınmasına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına nail olmaq üçün hər şey etmişdir. 1993-2003-cü illərdə Ulu Öndər fəaliyyəti ilə nadir şəxsiyyətlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli Liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin sınaqlarından uğurla çıxdı. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var.

Bu gün dünyada hörmətlə qarşılanan Azərbaycan Heydər Əliyevin seçdiyi yolun nə dərəcədə uğurlu yol olduğunu göstərir. Çünki bu uğurlu yol onun siyasi varisi cənab İlham Əliyev tərəfindən layiqli bir şəkildə davam etdirilir. Bu gün Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin tolerant şəraitdə yaşadığı bir dövlətdir.

Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bu gün otuz illik həsrətdən sonra torpaqlarımız işğaldan azad olunub. Ötən 19 ilin siyasi, iqtisadi, sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur.

Sonda bir daha qeyd etmək istəyirəm ki, müasir Azərbaycanın qurucusu olan ümummilli liderimizin xatirəsi Azərbaycan adı yaşadıqca xalqımızın yaddaşında, ürəyində yaşayacaq.

DİGƏR Xəbərlər Arxiv