Xəbərlər
“Bir millət iki dövlət” strategiyasının məntiqi davamı
Mirsüleyman Mirxaslı
YAP Cəlilabad Rayon Təşkilatının sədri
Bir həftə öncə, “Şuşa Bəyannaməsi”nin ildönümünü qeyd etdik. İki qardaş dövlət, Türkiyə və Azərbaycan arasındakı strateji əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, hərbi-texniki, sosial, elmi əlaqələrin müttəfiqlik səviyyəsinə qaldırılmasının həm regional, həm də qlobal təhlükəsizlik üçün əhəmiyyətini qeyd etdik, bu münasibətlərin daha geniş müstəviyə yayılmalı, coğrafiyası və təsir dairəsinin genişlənməli olduğu barədə fikir mübadiləsi etdik, bunun üçün həm münbit geosiyasi zəmin, həm milli-mədəni, sosial-iqtisadi, həm tarixi əsasların, həm də regional inteqrasiya və qlobal konsolidasiya üçün platformanın olduğunu vurğuladıq.
Bu hadisədən cəmisi 6 gün sonra, Azərbaycan Prezidentinin qardaş Özbəkistana iki günlük rəsmi səfəri – bu səfərdə yaşanan hərarətli anlar, bənzərsiz ehtiram, məhəbbət və səmimiyyət görüntüləri, imzalanan sənədlər, niyyət protokolları, qarşıya qoyulan hədəflər “Şuşa Bəyannaməsi”nin təsadüfi və müstəsna bir hadisə olmadığını, qlobal hərbi, siyasi və iqtisadi böhranlardan sığortalanmaqda maraqlı olan, bu təhlükələrdən qorunmağın yeganə yolunun güc birliyi, hərbi-siyasi və iqtisadi inteqrasiyadan keçdiyini anlayan dövlətlər üçün də önayaq, vəsilə olacağının anonsuna çevrildi.
Bu prosesin, bizimlə eyni etnik köklərə, müştərək tarixə və milli-mənəvi dəyərlərə malik bir dövlətlə - özü də insan resurslarına, yürütdüyü müstəqil xarici siyasətə və həyata keçirdiyi reformlara, iqtisadi inkişaf tempinə görə görə Mərkəzi Asiyanın ən önəmli ölkəsi olan, bütün platformalarda Azərbaycanın haqlı mübarizəsini müdafiə edən, dəstəkləyən qardaş Özbəkistanla davam etməsi, xüsusilə sevindirici hal olmaqla, yeni güc mərkəzinin yaranması istiqamətində vektorların düzgün seçilməsini xarakterizə edir və gələcəyə nikbin baxmağa əsas verir.
Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş parkın, barelyefin yaradılması da, bu kompleksin açılış mərasimində Özbəkistan rəhbərinin xalqımızın Ümumilli Lideri haqqında söylədiyi xoş sözlər, fikirlər də, Azərbaycan Prezidenti cənab İlham Əliyevə göstərilən xüsusi diqqət, ehtiram, qəbullar və ziyarətlər də, əldə edilən razılaşmalar da, Özbəkistanın Qarabağımızın bərbası prosesinə töhvəsi, jesti də və ən nəhayət, “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə” də son dərəcə isti ismarıclar olmaqla, münasibətlərimizin gələcək inkişafı, ölkələrimizin həm yerləşdikləri coğrafi-siyasi məkanda, həm də dünyada söz sahibi olması, tərəqisi və müttəfiqliyi istiqamətində yol xəritəsinə çevriləcək, “bir millət iki dövlət” tezisi, iki, üç, dörd və daha artıq dövlətin “bir millət” strategiyasına zəmin yaradacaq.