Xəbərlər
Azərbaycanın nüfuzu təkcə regionda deyil, dünyada artır
Hicran Hüseynova
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu bir daha Azərbaycanın gücünü, təkcə regionda deyil, dünyada artan nüfuzu nümayiş etdi. Bəzi hallarda Bakı Qlobal Forumunu Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı ilə müqayisə edilərək, eyniləşdirilir. Əlbəttə ki, hər iki platformanın xüsusi istiqaməti var, lakin Qlobal Forum adından da göründüyü kimi, daha ümumi, universal gündəlikdir, bütün istiqamətləri əlaqəli şəkildə müzakirəyə çıxarır, hər hansı problemə bir deyil, müxtəlif tərəflərdən nəzərdən keçirir, təhlil edir, təkliflər hazırlayır. Bu həm də Azərbaycanın mövqeyidir. Ölkəmiz strateji tərəfdaşlıq və əməkdaşlığa açıq olduğunu, dünyada gedən proseslərin fonunda daha praqmatik addımlar atdığını nümayiş etdirir. Bu məsələlər xüsusi diqqətdə saxlamaqla Prezident İlham Əliyev çıxışı zamanı daha uzaq hədəflərinin konturlarını verdi. Azərbaycan enerji təhlükəsizliyi, kommunikasiya və loqistika istiqamətində həm regionda, həm də dünyada mühüm layihələr həyata keçirir. Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Ümumiyyətlə, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verir. Əlbəttə ki, burada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini də qeyd etmək lazımdır. Bu qurum qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilimişdir. Forumda dövlət və hökumət başçıları, sabiq prezidentlər, baş nazirlər olmaqla 50-də çox ölkənin 400-ə yaxın insan iştirak edib. Bu fakt özü-özlüyündə tədbirin əhəmiyyətinin, siyasi çəkisinin göstəricisidir.
Hazırda dünyada gedən geosiyasi proseslər, dünya iqtisadiyyatında yaranan yeni tendensiyalar bir daha göstərir ki, dünya çox sürətlə dəyişir. Və bu dəyişkənliyi bir çox halda proqnozlaşdırmaq mümkün deyil, çünki hadisələr çox çevikdir, sürətlə gedir, bir sıra fəsadları müşahidə edirik. Artıq dünyada yeni proseslər gedir, bir sözlə dünya dəyişir, münasibətlər dəyişir. Üç gün davam edən Forumda da qlobal dünya nizamına təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, bərabərsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır. Cənab İlham Əliyevin dediyi kimi, “ təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq”. Biz Forumun gündəliyinə nəzər yetirsək, görərik ki, bütün iştirakçılar hər şey dəyişdiyini və heç nə sabit olmadığını bildirərək, qlobal təhlükəsizlik, ədalətsizlik və bərabərsizliklər, qlobal idarəetmə, iqlim dəyişikliyi, multilateralizm, elmi və texnoloji yeniliklər barədə geniş müzakirələr apardılar. Bundan əlavə, gələcək pandemiyalara insanların cavab vermə imkanlarının artırılmasına dair konstruktiv fikir və təkliflər səsləndirildi. Bu baxımdan Forum öz nailiyyətlərinə görə həm səmərəli, həm də təqdirəlayiq oldu.
Ölkə başçısının Forumda söylədiyi fikirlər, ona işarədir ki, artıq biz qalib ölkənin vətəndaşlarıyıq və bugünkü vəziyyətə biz diktə edirik. Xüsusilə, Prezident İlham Əliyevin ATƏT-dən mandat almış Minsk qrupu, onun statusu, həm də Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən danışdı. Azərbaycan sülhyaratma və mehriban qonşuluq münasibətlərinin yaranmasında maraqlıdır, ancaq əlbəttə ki, onun istədiyi formada və tarixi ədalətin diktə etdiyi formada. 30 ilə yaxın davam edən erməni işğalı zamanı vətəndaşlarımız ermənilərin törətdiyi hərbi cinayətlərin qurbanı olublar, şəhər və kəndlərimiz talan edilib, ekoloji və humanitar terror törədiblər. Azərbaycan ədalətli müharibə apararaq, ərazi bütövlüyünü təmin etdi. Məhz bundan sonra Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınıldı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan qısa müddət ərzində sülh təkliflərini hazırladı və qarşı tərəfə təqdim etdi. Tarixdə çox az halda buna bənzər hadisələr var ki, qalib ölkə sülh təklif edir. Nə üçün? Çünki, cənab Prezidentin dediyi kimi, “biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir”. Minsk qrupuna gəldikdə isə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq belə bir quruma ehtiyac yoxdur, o öz funksiyasını itirib. Zəngəzur dəhlizinin açılması regional sülhün və inkişafınən mühüm faktorlarından biridir. Ölkə başçısı Forumda çıxışı zamanı çox aydın şəkildə bildirdi ki, bu dəhliz açılmayacaqsa, o zaman sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri heç bir nəticə verməyəcək. Ermənistan tərəfindən səsləndirilən revanşist fikirlərə mükəmməl bir cavab idi.
Artıq Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, diplomatik mərkəzə, beynəlxalq əhəmiyyətli qlobal müzakirələrin mərkəzinə çevrilir. İlk növbədə erməni işğalından azad edilmiş Qarabağ, Şərqi Zəngəzur XX əsrin sonu və XXI əsrin əvvəllərinə qədər, yəni 30 ilə yaxın davam edən müharibə və insanlıq əleyhinə törədilmiş cinayətlərin ən bariz nümunəsidir. Ermənistan dövlətinin apardığı yalan siyasətin ifşa olunan yeridir. Digər tərəfdən Şuşa hər zaman düşünən, yaradan, sülhə, inkişafa, rifaha töhfə verən insanların, alimlərin, ziyalıların, siyasətçilərin müzakirə məkanı olub. Ona görə də IX Qlobal Bakı Forumunun bir hissəsinin Şuşada keçirilməsinin həm də rəmzi mənası var. Bütövlükdə, IX Qlobal Bakı Forumu Prezident cənab İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasətinin növbəti mühüm mərhələsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın qlobal sülhə töhfə verən güc kimi mövqeyini nümayiş etdirir.