Xəbərlər
Son üç ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin olunub
Vətən müharibəsindən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib. Yekun mərhələ kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
Agentliyin sədri bildirib ki, son üç ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib. 2021-ci il və bu ilin ötən dövrü ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin beş ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyinatı aparılıb.