YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid Babək Allahverdiyevin doğum günü qeyd edilib

Abşeron rayonunda Vətən müharibəsi şəhidi baş leytenant Allahverdiyev Babək Bəxtiyar oğlunun anadan olmasının 43-cü ildönümü qeyd edilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri və qazilər iştirak ediblər.

Mərasim iştirakçıları öncə İkinci Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət edib, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini yad edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzüblər.

Daha sonra Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilib.

Xalqımızın döyüş meydanında qazandığı qələbədən danışan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz cəmi 44 günə böyük Zəfər qazanaraq xalqımızın torpaq həsrətinə son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Həm Birinci Qarabağ, həm də Vətən müharibəsində şəhid olan, eləcə də mənfur düşmənin dinc əhaliyə qarşı açdığı atəş nəticəsində həlak olan bütün soydaşlarımızın qisası döyüş meydanında alındı.

Çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildirib. Qeyd edib ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünə inamını geri qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

Anım tədbiri Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Abşeron rayonunda şəhid və qazi ailələrinə hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub, şəhidin həyat yolundan söz açılıb.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid baş leytenant Babək Allahverdiyev “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.