YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir

Məşhur Məmmədov

Millət vəkili

İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunun da müxtəlif səbəbləri var.  Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında dediyi kimi, müasir Azərbaycan  iqtisadi cəhətdən tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur. 
Sirr deyil ki, son 3 ildə dünyada baş verən epidemoloji , ekoloji və siyasi kataklizmlərlə əlaqədar yaranan yeni iqtisadi vəziyyət dünya əhalisini ərzaq böhranı təhlükəsi ilə üz-üzə qoyub. Bu təhlükə elə bir səviyyəyə çatıb ki, problem yalnız aşağı və orta gəlirli ölkələri yox, həm də yüksək gəlirli, böyük iqtisadiyyata sahib ölkələri də qorxudur. 

Ötən dövrdə dünya iqtisadiyyatdan asılı olan ərzaq böhranı təhlükəsi ilə ilk dəfə COVİD-19 pandemiyasının yaranmasından sonra üzləşdi. Xüsusi karantin rejiminin tətbiq edilməsi kənd təsərrüfatı və sənaye məhsullarının istehsalının azalmasına səbəb oldu. Bu vəziyyətlə əlaqədar Ümumdünya Ticarət Təşkilatının baş direktoru Robertu Azevedu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Tsyuy Dunyuy və Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus birgə bəyanat verərək pandemiyanın dünyada kənd təsərrüfatı üzrə tədarük zəncirini pozduğunu və potensial ərzaq böhranı təhdidini yaratdığını bəyan etdilər. 
Həqiqətən də 2020-ci ildə COVID-19 pandemiyası kənd təsərrüfatı istehsalına əhəmiyyətli təzyiq göstərdi, qlobal dəyər və təchizat zəncirini pozdu və bu, ən yoxsul ailələrin ciddi şəkildə təsirləndiyi qida çatışmazlığı və qeyri-adekvat ərzaq təminatı problemlərini yaratdı.

2021-ci ildə xüsusi karantin rejimi yumşaldılsa da dünya ekoloji kataklizmlə üzləşdi. Quraqlığın geniş yayılması, su çatışmazlığı kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir etdi. İqlim dəyişiklikləri və quraqlıq nəticəsində ekoloji mühit kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli olmadı, ərzaq istehsalı tələbatı qarşıla bilmədi. Qlobal səviyyədə istehsalın azalması təklifi daraltdı və qiymət artımları üçün əlavə imkanlar yaratdı.
İqtisadiyyatın böhranı üçün yeni problemi Rusiya-Ukrayna müharibəsi üzə çıxartdı. 

Müharibə səbəbindən fevral ayının sonundan başlayaraq kənd təsərrüfatı məhsullarının qlobal qiymətləri davamlı artır. Ötən qısa müddətdə buğda 40 % bahalaşıb. Hazırki qiymətlər son 14 ilin ən yüksək səviyyəsinə çatıb. 
Siyasi və hərbi böhran ərzaqla yanaşı yanacaq və gübrə qiymətlərini də xeyli artırıb, Qara dəniz regionundan tədarük zəncirini pozub. BMT rəhbəri xəbərdarlıq edib ki, bu vəziyyət  bütün dünyada siyasi qeyri-sabitlik və iğtişaşlar toxumu səpir. İqtisadiyyat həm də ölkələrdə əhalin rifah halının göstəricisidir. Əgər ölkə iqtisadi cəhətdən problem yaşamırsa, əhalinin maddi vəziyyəti də yaxşı olur, dünyada gedən proseslərlə bağlı yaranan qiymət artımı əhalinin rifah halınin mənfiyə doğru dəyişməsinə təsirsiz ötüşür.

Yaranmış yeni vəziyyətdə Azərbaycan hökumətinin iqtisadi sahədə atdığı addımlar daha rasional və effektlidir. Hazırda ölkəmizdə ərzaq təminatında hər hansı problem, çətinlik müşahidə olunmur. Düzdür, son bir ildə ərzaq qiymətlərində illik müqayisədə 17,5 faiz artım faktı var ki, bunun da hansı səbəblərdən baş verdiyi qeyd edildi. Ərzaq qiymətlərinin daha çox artmaması və təminat çətinliyinin yaranmaması üçün hökumət müvafiq proqramlar və tədbirlər planları həyata keçirir. Hələ Rusiya-Ukrayna müharibəsindən öncə, 2022-ci ilin yanvarın 18-də  Nazirlər Kabinetində keçirilən Hökumətin iclasında əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində xüsusi tapşırıqlar verildi. Bu tapşırıqların əsasını 6 baza prinsip təşkil edir. 

Hökumət ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzini əsasən yerli istehsalın üzərinə qoydu. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaqla təminat yaxşılaşdırılacaq.
İkinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir. Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur.
Qiymət siyasəti ilə bağlı iki qırmızı xətt müəyyənləşdirildi: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır. Hökumət təminatı yaxşılaşdırmaq üçün haqsız rəqabətə qarşı mübarizə gücləndirəcəyini, subsidiyaların nəticəyə görə veriləcəyini bəyan etdi. 

Ərzaq təhlükəsizliyinin təmin edilməsinə və əhalinin əsas ərzaq məhsulları ilə təchizatının yaxşılaşdırılması məqsədilə martın 29-da Nazirlər Kabinetində müşavirə keçirildi. Müşavirədə 18 mart tarixli qərardan irəli gələn tapşırıqlar,  əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunub. Bununla əlaqədar İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib. Bütün sadaladıqlarım bir daha cənab Prezident İlham Əliyevin yuxarıda adıçəkilən çıxışında iqtisadiyyatımız barədə söylədiklərini bir daha təsdiqləyir: "Azərbaycan  iqtisadi cəhətdən tam müstəqildir".