Xəbərlər
YAP Nizami rayon təşkilatının nümayəndələri 1 saylı uşaq evinin sakinləri ilə görüşüblər
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi və fəalları 28 may - Müstəqillik Günü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nizami rayonu 1 saylı uşaq evinin sakinləri ilə görüşüblər.
Əvvəlcə uşaq evinin sakinlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra uşaqlar rəngarəng səhnəciklər təqdim edib, musiqi nömrələri ifa ediblər.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami rayonu 1 saylı uşaq evinin direktoru Nərminə Zöhrabova, Bakı Şəhər İcra Hakimiyyətinin Uşaq evləri üzrə əlaqələndiricisi Tərvin Quliyeva uşaq evinin sakinlərini təbrik edib, ölkədə uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan azyaşlılara göstərilən dövlət qayğısından, onların cəmiyyətə inteqrasiyası üçün yaradılan şəraitdən danışıblar.
Bildiriblər ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu xeyirxah missiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı üçün həyata keçirilən layihələrdən də söz açılıb.
Sonda uşaq evinin məzunu olmuş və hazırda orada çalışanlara partiya vəsiqələri təqdim olunub.