Xəbərlər
Vüqar Rəhimzadə: Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışa Zəngilandan start verilir
“Bu gün dünya şanlı Zəfərimizlə yanaşı, böyük maraqla dirçəlişin Azərbaycan modelindən bəhs edir. Belə ki, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, bərpa edilir. Tarixi torpaqlarımıza Böyük Qayıdış ərəfəsində şəhər və kəndlərimizin “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında qurulması əsas hədəflərdəndir. Məqsəd 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan, öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyən soydaşlarımızın bu istəklərinə qovuşmaları fonunda onların rahat şəraitdə yaşamalarının təmin edilməsidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra-16 noyabr 2020-ci il tarixindən işğaldan azad edilmiş ərazilərimizə başlanan səfərlərinin hər biri Böyük Qayıdışı daha bir addım yaxınlaşdırır. Hər səfər işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin sürətləndirilməsinə, yol infrastrukturunun yenilənməsinə, bölgələrin enerji ilə təminatı üçün inşa edilən və bərpa olunan elektrik stansiyaları əsasında Qarabağın simasının dəyişilməsinə, rayonların iqtisadiyyatının inkişafına xidmət edən addımlarla yadda qalır. Azadlığına qovuşmuş şəhərlərin Baş planları təqdim edilir. Xüsusilə vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin şəxsi nümayəndəliyi institutunun yaradılması bərpa-quruculuq işlərinə nəzarət funksiyasını təmin edir ki, bu da hədəflərə nəzərdə tutulduğu vaxtda nail olmağı şərtləndirir.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfərləri də sosial obyektlərin təməlinin qoyulması və açılışı baxlmından zəngin oldu: “Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olan dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış oldular, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olundu. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən ölkə Prezidenti Ağalı kəndinin sakinləri ilə görüşündə bu məqama xüsusi diqqət yönəltdi ki, artıq bayram günləri, tarixi hadisələr işğaldan azad edilmiş ərazilərimizdə də qeyd olunur. Ötən il Müstəqillik Gününü Ağdamda, bu il isə Zəngilanda qeyd edirik.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bərpa-quruculuq işlərindən geniş bəhs edən dövlət başçısının qeyd etdiyi kimi, hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir. Yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Minatəmizləmə işi hələ də davam edir.
“Bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılması, Qarabağ Dirçəliş Fondunun təsis edilməsi kimi biri-birindən mühüm addımlar hədəflərə qısa zamanda çatacağımıza böyük əminlik yaradır. Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin həyata keçirilməsi bərpa-quruculuq işlərinin bir hissəsidir” söyləyən Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyev Ağalı kəndinin sakinləri ilə görüşündə bu fkri xüsusi qeyd etdi ki, bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı bu gün atılır.
“İqtisadiyyatın inkişafı üçün başlıca amil olan ərazilərin enerji ilə təminatının yüksək səviyyədə təşkili, istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. Səfər çərçivəsində “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasiminin keçirilməsi də deyilənlərin təsdiqidir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqların “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq həmin ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam etdirilir. Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonlarında, ümumilikdə, 9 yarımstansiyanın inşası, “Şuşa” yarımstansiyasının fəaliyyət göstərməsi və sair kimi nəticələr Qarabağın və Şərqi Zəngəzurun enerji ilə təminatını şərtləndirəcək”,- deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.
Vüqar Rəhimzadə diqqəti Prezident İlham Əliyevin Ağalı kəndinin sakinləri ilə görüşündə söylədiyi “İqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik” fikirlərinə yönəldərək bildirib ki, dövlətimizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dayanıqlı inkişafı təmin edilir: “Neft-qaz sektorunu iqtisadiyyatın əsası kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının da vacibliyini bildirir. 2003-cü ildə irəli sürülən bu tezis iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsində özünün aydın ifadəsini tapır. Diqqət çəkən məqamlardan biri də budur ki, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsində əsas faktorlardan olan şəffaflığın qorunması işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri çərçivəsində yeniliklərin, təkmilləşmənin ünvanı olan “ASAN xidmət”, DOST, ABAD mərkəzlərinin yaradılmasında da özünü qabarıq şəkildə büruzə verir.”
“Azərbaycanın iqtisadi cəhətdən müstəqilliyi beynəlxalq səviyyədə təqdir olunur. Bu mühüm amil ölkəmizin müstəqil siyasətində də həlledici rol oynayır” deyən Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan tam müstəqildir, heç kimdən asılı deyil, heç bir yardıma, kreditə ehtiyacı yoxdur: “Reallıq budur ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini də öz daxili imkanları hesabına həyata keçirir. “Ağıllı kənd” layihəsi əsasında Zəngilanın Ağalı kəndinin qısa zamanda sakinlərini qarşılamağa tam hazır olması da ölkəmizin iqtisadi qüdrətinin təqdimatıdır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə nəhəng layihələr icra edilir. Azərbaycan istər daxili, istərsə də beynəlxalq səviyyəli layihələri uğurlu sonluqla başa çatdırmaq imkanındadır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan tezliklə böyük investisiyalar məkanına çevriləcək.”
YAP Xətai rayon təşkilatının sədri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, postmünaqişə gündəliyinin formalaşmasında da Azərbaycanın öz sözünü dediyini bildirib: “Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağalı kəndinin sakinləri ilə görüşündə Azərbaycanın sülh təklifindən də bəhs etdi. Ermənistan ölkəmizin irəli sürdüyü 5 prinsipi qəbul edib. Təbii ki, bu gün qarşıda ən vacib məsələ sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Ermənistan bu şansdan istifadə etməklə bölgədə etimad mühitinin formalaşmasına dəstək olmalıdır. Prezident İlham Əliyev bu çağırışı da etdi ki, ermənilərin Azərbaycanda - istər Qarabağ bölgəsində, istərsə də başqa ərazilərimizdə yaşamalarında heç bir problem yoxdur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Respublikamızda bütün xalqların nümayəndələri bir ailənin üzvləri kimi əmin-amanlıq şəraitində yaşayır, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə də Azərbaycanda ermənilərin hüquqları, təhlükəsizliyi ölkəmizdə yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz.”