YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqillik Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Qubadlı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı, Qubadlı rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər “28 May” mədəniyyət evində Müstəqillik Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan rayon Gənclər və idman idarəsinin rəisi Natiq Abbasov 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdiyini, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdiyini söyləyib. Bildirib ki, yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.

Sonra 28 May - Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Mahmdulu kənd Mədəniyyət evinin direktoru Solmaz Məmmədova, Qubadlı rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Müşkünaz Muradova çıxışlarında bildiriblər ki, 28 May - Müstəqillik günü Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoyduq.

Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçirilir. 44 günlük Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq səhifəsidir. 

Konfransın sonunda Mədəniyyət evinin əməkdaşları və məktəb şagirdlərinin təqdimatında Müstəqillik Gününə həsr edilmiş ədəbi-bədii kompazisiya nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv