YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

28 May – Müstəqillik Günü hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri 

28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Bu gün də Müstəqillik Gününün keçirilməsi Azərbaycan vətəndaşlarının tarixi unutmadığını və öz ənənələrini daimi olaraq yaşatdığını təsdiq edir. Biz Ulu Öndərimiz Heydər Əliyevin bizə qoyub getdiyi mirası qoruyub saxlamalı və bu yolda daim birgə addımlamalıyıq.

Müstəqilliyimizin 104 illiyini qeyd edərkən fərəhlə deməliyik ki, bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir. Azərbaycan öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olub. Bu bir daha təsdiqləyir ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi müdrik siyasi kursa Azərbaycanda alternativ yoxdur və bu kurs cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir ölkəmizi daha firavan gələcəyə aparır.

Ulu öndər Heydər Əliyev hər zaman ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu bildirirdi. Ümummilli Liderin bu arzusunu onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Şanlı ordumuz ən qısa vaxtda öz vəzifəsini bütünlüklə yerinə yetirdi və Azərbaycanın ərazi büövlüyünü təmin edən Ali Baş Komandan İlham Əliyev bayrağımızı Şuşada dalğalandırdı.