Xəbərlər
28 May Müstəqillik Gününün ərazi bütövlüyümüzün bərpa edilməsi şəraitində qeyd olunması qürurvericidir
Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri
Bu gün Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin nəticəsi sayılan cümhuriyyət müasir dövlətçilik tariximizdə mühüm yerə malikdir. 23 ay mövcud olmasına baxmayaraq, Xalq Cümhuriyyəti Şərqin siyasi həyatında mühüm rol oynadı, məhz onun fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi.1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsində də deyildiyi kimi, Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlət oldu. 23 ay ərzində yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, milli atributlar - bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, milli ordu formalaşdı. Təsadüfi deyil ki, zəngin mədəni-tarixi ənənələrə malik olan Azərbaycanın ilk universiteti də təsis olundu. Bu, əslində təhsilin milliləşdirilməsi demək idi.
Təsadüfi deyildir ki, vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər kəsin milli, dini, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində birbaşa əksini tapmışdı. 18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiyi sayılan Avropa ölkələrində bu gün də heyranlıq və qibtə doğurmaqdadır. Məhz universal dəyərlərə, insan hüquq və azadlıqlarına təminat yaradan prinsipləri dövlət idarəetməsinin əsas prinsipləri kimi qəbul etməklə Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən etibarən Şərqin, İslam və Türk dünyasının mütərəqqi dövlət modeli kimi qəbul edilməyə və fəaliyyət göstərməyə başladı. Beləliklə, bütün regionun siyasi mənzərəsini dəyişən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq miqyasda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun əldə edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi əsasında müasir dövlət idarəçiliyinin əsasının qoyulması, milli valyutanın tədavülə buraxılması, peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş mühüm tədbirlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuşmuş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkülünə yol açdı.
Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti
Cümhuriyyətin süqutundan sonra 70 il Sovet rejiminin basqıları da Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verərək deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Məhz Ulu Öndər Heydər Əliyevin 1 fevral 2003-cü il tarixli Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılmasına dair Sərəncamı, 2007-ci il 25 mayda isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı, eyni zamanda, Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri bu gün yüksək dəyərləndirilir, onların zəngin irsi öyrənilir və təbliğ olunur. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Biz Cümhuriyyətin 104-cü ildönümünü tam fərqli əhval-ruhiyyədə qeyd edirik. Qalib Lider, Ali Baş Komandan Prezident İlham Əliyev cənablarının “Dəmir yumruq” siyasəti ilə Müzəffər Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 30 illik torpaq həsrətinə 44 gün ərzində qalib gələrək Azərbaycan Ordusu böyük Zəfər tarixi yazdı. Son 30 ildə ikinci ildir ki, “Respublika Günü”nün ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edirik. Və bu gün Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın Qarabağda qürurla dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ən böyük hədiyyədir!
Dövlət başçımız İlham Əliyevin də söylədiyi kimi, cümhuriyyət qurucuları sağ olsaydı, bugünkü Azərbaycanla fəxr edərdilər. Və bu gün ikinci dəfə müstəqilliyimizin əldə olunmasında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin qoyduğu yol bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan nəinki regionda, eləcə də bütün dünyada söz və nüfuz sahibinə çevrilib. Dövlətimizin başçısına Müstəqillik Günü münasibətilə dünyanın bir sıra dövlət başçıları və nüfuzlu təşkilat rəhbərləri tərəfindən ünvanlanmış təbrik məktubları bunun bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimiz daha əbədi, daha dönməz olacaq, bizi qarşıda yeni zəfərlər və qələbələr gözləyir.