Xəbərlər
Mariya Zaxarova: Rusiya sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycana və Ermənistana kömək etməyə hazırdır
Rusiya sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycana və Ermənistana kömək etməyə hazırdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sərhədlərin delimitasiyası üzrə ikitərəfli Ermənistan-Azərbaycan komissiyasının ilk iclası ilə bağlı sualı cavablandırarkən bildirib.
“Biz dəfələrlə demişik ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işinə məsləhətçi yardım göstərməyə hazırdır. Bu, 2021-ci il noyabrın 26-da Soçi sammitinin yekunu üzrə üç ölkə liderinin bəyanatında qeyd olunub və bütün təmaslarda dəfələrlə təsdiqlənib”, - deyə o qeyd edib.
M.Zaxarova vurğulayıb ki, Rusiya postsovet məkanında delimitasiya və sərhəd mübahisələrinin həlli sahəsində nadir ekspert potensialına malikdir. "Bizim ixtiyarımızda lazımi kartoqrafiya materialları var", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, Rusiya komissiyanın fəaliyyəti çərçivəsində öz təcrübəsini Azərbaycan və Ermənistanla bölüşməyə hazırdır. M.Zaxarova vurğulayıb ki, artıq məsləhətçi yardım göstərmək üçün rusiyalı ekspertlərdən ibarət komanda formalaşdırılıb.