Xəbərlər
Şamaxıda Mirzə Ələkbər Sabirin 160 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
Şamaxıda Azərbaycan şairi, bədii və ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin 160 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə M.Ə.Sabirin məzarını və ev muzeyini ziyarət ediblər. Daha sonra YAP Şamaxı rayon təşkilatında davam edən tədbirdə binanın foyesində əvvəlcə M.Ə.Sabirin əsərlərindən ibarət sərgi təşkil olunub.
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, şair 49 illik qısa bir ömür sürməsinə baxmayaraq, çox böyük işlər görüb.
Bildirilib ki, Azərbaycan şeirini klassik ənənələrdən fərqli olaraq, yeni istiqamətə yönəldən novator şairin xoşbəxt həyat, işıqlı sabah amallı poeziyasının əbədiyaşarlığı zamanın sınaqlarından uğurla çıxaraq özünü təsdiqləyib.
Tədbirdə çıxış edən Sabir ev muzeyinin direktoru Rəqsanə Xəlilova, Heydər Əliyev Mərkəzinin elmi işçisi Pərvin Şirəliyeva, rayon ağsaqqalı Ağarza Bayramov və başqaları çıxışlarında şairin yaradıcılığından bəhs ediblər.
Sonra Şamaxı 2 saylı və 3 saylı tam orta məktəblərinin şagirdlərinin təqdimatında M.Ə.Sabirin əsərləri ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda YAP Şamaxı rayon təşkilatı tərəfindən M.Ə.Sabirin ev muzeyinin direktoru Rəqsanə Xəlilova fəxri fərman, əməkdaşlar isə təşəkkürnamə ilə təltif olunub.