Xəbərlər
Ramin Məmmədov: Hər üç görüşün yekunları Azərbaycanın sülh gündəliyini qəbul etdirdiyini göstərir
“Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında Brüsseldə keçirilən üçüncü görüşü Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirmək olar”. Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib. Onun fikrincə, bu görüş tərəflərin mövcud problemlərin həlli üçün siyasi iradə nümayiş etdirməyə hazır olduğunu göstərir. Millət vəkili bildirib ki, daha əvvəl keçirilən iki görüşdən sonra üçüncü görüşdə əldə olunan nəticələr Brüssel prosesinin uğurla davam etdiyini göstərir: “Bunu ona görə Brüssel prosesi adlandırmaq olar ki, ötən ilin dekabrında keçirilən birinci görüş əslində tərəflərin mövqeləri arasında uzlaşma ehtimalının nə qədər olduğunu müəyyən etmək üçün atılmış addım idi. Tərəflərin bir-birinin mövqelərini nə qədər düzgün başa düşdüyü aydınlaşdı. Bu ilin aprelində keçirilən görüşdə isə böyük irəliləyiş əldə olunduğunu deyə bilərik. Çünki məhz bu görüşdə mübahisəli məsələlərin həlli ilə bağlı yol xəritəsinin müəyyən elementləri müşahidə olunmağa başladı. Mayın 22-də keçirilən sonuncu görüş isə artıq konkret addımların atılması ilə nəticələndi. Sərhədlərin delimitasiyası üzrə komissiyaların yaradılması barədə hər iki ölkənin dövlət başçılarının verdiyi qərarlar bunu əminliklə söyləməyə imkan verir”. Ramin Məmmədov bildirib ki, hər üç görüşün yekunları Azərbaycanın sülh gündəliyini qəbul etdirdiyini göstərir. Brüssel görüşü ilə bağlı mətbuata verilən bəyanatda əksini tapmış fikirlərin, ayrı-ayrı ifadələrin təhlili göstərir ki, Azərbaycan öz haqlı və əsaslı mövqeyini qəbul etdirməyə nail olub. “Azərbaycan Prezidentinin qətiyyəti, siyasi iradəsi və nüfuzu, son illər ərzində ölkəmizin beynəlxalq aləmdə mövqelərinin güclənməsi Brüssel prosesinin nəticələrini şərtləndirən əsas amillərdir. Əlbəttə ki, regionda yaranmış yeni reallıqlar, dünyada baş verən proseslər, beynəlxalq münasibətlərin sürətlə dəyişən xarakteri, real qüvvələr nisbəti, bütün bunlar hər biri danışıqların məzmununa təsir göstərir. Lakin bu şərtlərdən öz milli mənafeləri kontekstində faydalanmaq üçün çevik və düşünülmüş xarici siyasət strategiyası həyata keçirmək son dərəcə vacibdir. Hesab edirəm ki, nəticələr Azərbaycanın bunun öhdəsindən məharətlə gəldiyini təsdiq edir”. Millət vəkili qeyd edib ki, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək barədə əldə olunmuş razılıq Brüssel prosesinin perspektivi haqqında optimist düşünməyə imkan yaradır: “Bu görüşün əsas nəticələrindən biri də növbəti görüşün vaxtının müəyyən olunması ilə bağldır. Bu o deməkdir ki, danışıqların davam etdirilməsinin zərurliyinə və faydalılığına inam var. Təbii ki, hər şey bundan sonra Ermənistanın əldə olunmuş razılaşmalara nə dərəcədə əməl edəcəyindən asılıdır. Çünki Azərbaycan hər zaman istənilən platformada götürdüyü öhdəliklərə sadiq olduğunu dəfələrlə nümayiş etdirib. Ermənistan haqqında isə bunun əksini söyləmək üçün kifayət qədər çoxsaylı faktlar var. Hər halda prosesin ümumi gedişi nikbin düşünməyə əsas verir”.