YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çikaqo şəhərində keçirilmiş İpək Yolu Konfransında Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilmişdir

ABŞ-ın aparıcı biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində Yeni İpək Yolu boyunca ölkələrin iqtisadiyyatı, onlar arasında ticarət və iqtisadi münasibətlər, ölkələrin biznes mühiti və tranzit imkanlarına həsr olunmuş 9-cu ənənəvi İpək Yolu Konfrası keçirilmişdir.

Tədbirdə Mərkəzi və Cənubi Asiya ölkələrinin, eləcə də Azərbaycan və Türkiyənin biznes və diplomatik dairələrinin, habelə ABŞ Dövlət Departamentinin və Müdafiə Daşımaları Agentliyinin (Defence Logistic Agency) nümayəndələri də iştirak etmişdilər. Azərbaycan tərəfindən tədbirdə Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşı Natiq Baxışov, Azərbaycanda İxracın və İnvestiyaların Təşviqi Fondunun (AZPROMO) ABŞ-dakı nümayəndəsi Elşən Baloğlanov, Naxçıvan Dövlət Universitetinin professoru Elbrus İsayev və azərbaycanlı iş adamı Bəsrəd Paşayev iştirak etmişdir.

ABŞ Dövlət Departamentinin regional məsələlərə məsul əməkdaşı Corc Təq və Müdafiə Daşımaları Agentliyinin nümayəndəsi polkovnik Emili Bakman çıxış edərək, indiyədək Əfqanıstandakı ABŞ və müttəfiq qoşunlarının təminatını həyata keçirən Şimal Təchizat Şəbəkəsinin (Northern Distribution Network) iqtisadi komponentlərinin artırılaraq onun gələcəkdə ölkələrin ticari və iqtisadi əlaqələrinin təşviq edilməsi üçün istifadə edilə biləcəyini vurğululamışdılar. Bunun üçün ölkələr arasında regional infrastrukturun yaradılması, habelə yükdaşımaların zaman və keyfiyyət baxımından daha da inkişaf etdirilməsi üçün ölkələr arasında gömrük prosedurlarının rahatlaşdırlması istiqamətində işlərin davam etdirilməli olduğu vurğulanmışdır. DD rəsmisi bu baxımdan Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük prosedurlarının rahatlaşdırılmasını nəzərdə tutan "Silk Wind" layihəsini təqdir etmişdir. Daha sonra o, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin reallaşdırılmasının əhəmiyyətini vurğulamışdır.

Azərbaycan Səfirliyinin nümayəndəsi N.Baxışov çıxış edərək, Azərbaycanın müstəqilliyini əldə etdiyindən bəri keçdiyi iqtisadi inkişaf yolu, ölkənin bu sahədəki uğurları, habelə regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri barədə danışmışdır.

Çikaqo şəhərinə səfər çərçivəsində Azərbaycan Səfirliyinin əməkdaşı və AZPROMO nümayəndəsinin Şimali İllinoys Universitetinin rəhbərliyi ilə görüşü baş tutmuşdur. Görüş zamanı Azərbaycanın təhsil müəssisələri, o cümlədən ADA Universiteti və Bakı Ali Neft Məktəbi barədə məlumatlar verilmişdir.

 

DİGƏR Xəbərlər Arxiv