Xəbərlər
Ceyhun Bayramov: Azərbaycan regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün Ermənistanla əməkdaşlığa hazırdır
Mayın 20-də Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin İtaliyanın Turin şəhərində keçirilən 132-ci sessiyası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə iştirak edib.
Sessiyada çıxış edən Ceyhun Bayramov AŞ Nazirlər Komitəsində sədrliyinin müvəffəqiyyətlə başa çatması münasibətilə İtaliyaya təbriklərini çatdırıb və gələcək İrlandiya sədrliyinə ölkəmizin dəstəyini ifadə edib.
Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayan nazir sözügedən prinsiplərin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin əsası olduğunu bildirib.
XİN-in rəhbəri bölgədəki cari vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə iclas iştirakçılarını məlumatlandırıb. Hazırda iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində tərəfimizdən ardıcıl səylərin davam etdiyini bildirən nazir aprelin 6-da Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan görüşünün bu prosesə müsbət təsir göstərdiyini qeyd edib. Nazir həmin görüşün yekunlarına görə, iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verildiyini, həmçinin iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının təşkilinin razılaşdırıldığını diqqətə çatdırıb.
Azərbaycan regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Ermənistanla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edən nazir Ceyhun Bayramov bu istiqamətdə xüsusi rola malik etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə Avropa Şurasının töhfə verə biləcəyini qeyd edib, Avropa Şurasının Baş katibinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün təşkilini müsbət qiymətləndirib.
Azərbaycanın postmünaqişə dövründə üzləşdiyi problemlərdən olan mina təhlükəsi, 1990-cı illərin əvvəlində baş verən müharibə zamanı itkin düşən 4000-dən çox azərbaycanlı barədə bu günədək məlumatın olmadığına diqqət çəkən nazir Ceyhun Bayramov beynəlxalq birliyi regionda möhkəm sülh və sabitlik naminə bu problemlərin aradan qaldırılmasına fəal dəstək və töhfə verməyə çağırıb.
Azərbaycanın Avropa Şurasının üzv dövlətləri və orqanları ilə əməkdaşlığa sadiq olduğunu qeyd edən nazir 2022-ci ilin aprelində Avropa Şurasının Baş katibinin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğunu, AŞ-nin 2022-2025-ci illərdə Azərbaycan üçün yeni fəaliyyət planının təqdim edildiyini və sözügedən planın birgə fəaliyyət üçün yeni zəmin yaratdığını vurğulayıb.
Sonda nazir İrlandiyanın gələcək sədrliyi dövründə də Avropa Şurasının ümumi dəyərləri əsasında prioritetlərinə uyğun olaraq nəticəyönümlü əməkdaşlığımızın davam etdirəcəyini bildirib.