YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə çevrilib

“Prezident İlham Əliyevin Türkiyəyə səfər etməsi və Rize-Artvin beynəlxalq hava limanının açılışında iştirak etməsi iki qardaş ölkənin əməkdaşlığını yeni mərhələyə çıxaracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ana vətəni hesab edilən Rizedə məhz belə bir beynəlxalq hava limanının açılışında Azərbaycan Prezidentini dəvət etməsi və bu hava limanının açılışında iki ölkə rəhbərinin iştirakı və başqa bir dövlətin Prezidenti olaraq ilk Azərbaycan Prezidentinin olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib. Həmçinin bir daha sübut edildi ki, Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə çevrilib, dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Bu birlik və qardaşlıq iki liderin yorulmaz fəaliyyəti ilə öz zirvəsini yaşayır. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.

Millət vəkilinin sözlərinə görə, ötən həftə Prezident İlham Əliyevin Rizə-Artvin Hava Limanının açılış mərasimində İkinci Qarabağ savaşının bizim ortaq şanlı tariximiz olduğunu bildirərək "Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməsi bir çoxları üçün ciddi mesaj oldu: “Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq" sözləri bir daha bütün dünyaya Azərbaycan-Türkiyə münasibətlərinin tarixində məzmun və keyfiyyətcə yeni mərhələnin təməlinin qoyulmasını göstərdi. Açılış mərasimində ölkə başçısının da dediyi kimi, hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərindəTürkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir. Bu gün fəxrlə deyə bilərik ki, Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb”.