YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında Dövlət Müstəqilliyi Günü münasibəti ilə “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” haqqında ətraflı məlumat verib.

S.Əliyevin sözlərinə görə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis edildi, sərhədləri müəyyən olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlayan parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi.

Təşkilat sədri ulu öndər Heydər Əliyevin müstəqil dövlət konsepsiyası və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsinin müstəqil Azərbaycan dövlətinin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil etdiyini də vurğulayıb.

Partiya fəalları Cəbrail Əlili, Gülər Qulamova, Nicat Nuriyev və başqaları çıxışlarında dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin müstəsna xidmətlərindən danışıblar.