YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Balaim Kesebayeva: Azərbaycan və Qazaxıstan xalqları ortaq dəyərlərə malikdir

Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, ortaq mədəni və mənəvi dəyərlərdən danışıb. Bildirilib ki, tarixən mövcud olan qardaşlıq əlaqələrimiz ölkələrimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib və bu il diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi qeyd olunacaq.

Qazaxıstan Respublikasına rəsmi səfərindən və orada keçirdiyi görüşlərdən danışan Milli Məclisin sədri aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb. O, parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edərək, bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Sahibə Qafarova parlamentlərimizin TÜRKPA və digər beynəlxalq təşkilatlarla yanaşı, İƏT Parlament Assambleyası çərçivəsində də uğurla əməkdaşlıq etdiyini deyib. İƏT PA-nın Pakistanda keçirilmiş İkinci Ümumi Konfransında müzakirə edilmiş məsələlərin əhəmiyyətindən danışan Milli Məclisin sədri qurumun sabah Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransında da mühüm məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən S.Qafarova bildirib ki, Azərbaycan bu Zəfər sayəsində 30 ilə yaxın Ermənistan işğalı altında olan ərazilərini, həmçinin ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərini azad edib. İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfər zamanı bu gözəl şəhərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva Azərbaycanda ilk dəfə olduğunu və bu səfərdən məmnunluq duyduğunu qeyd edib.

Azərbaycana dəvətə görə təşəkkür edən Qazaxıstan Parlamenti Məclisinin sədr müavini xalqlarımızın ortaq dəyərlərə malik olduğunu, müstəqillik illərində münasibətlərin böyük inkişaf yolu keçdiyini deyib. Qeyd olunub ki, parlamentlər arasında əlaqələrin inkişafı münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər iştirak ediblər.