YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi

Bəxtiyar İslamov

YAP Gənclər Birliyinin sədri

Gördüyü işlərlə tarixdə əbədiyyət qazanan ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Böyük ehtiram və sevgi ilə yad etdiyimiz ulu öndərin fəaliyyətinə həsr olunan görüşlərimiz və tədbirlərimizdə dahi şəxsiyyətin keçdiyi həyat yolunu, müstəqil və güclü Azərbaycan naminə etdiyi böyük fədakarlıqları bir daha xatırlayırıq. Fəxr edirik ki, biz tarixin ən ali zirvəsində yerini alan dahi şəxsiyyətin qurduğu və görmək istədiyi müstəqil Azərbaycanın gəncləriyik.

Ulu öndər Heydər Əliyev bütün ömrünü öz Vətəninə və xalqına həsr etmiş görkəmli dövlət xadimidir. XX əsrdə ölkəmizin gələcəyi üçün verdiyi qərarlar ilə respublikamızı dirçəldən, xalqımızın və milli kimliyimizin üzləşdiyi təhlükələri öz müdrikliyi və liderliyi ilə sonlandıran dahi şəxsiyyət Azərbaycanın müstəqilliyi və xalqımızın birliyi üçün də həlledici rol oynayıb. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ilk dönəmdə atdığı addımlar keçmiş Sovetlər Birliyində Azərbaycanı ən inkişaf etmiş ölkələrdən birinə çevirmişdisə, yenidən hakimiyyətə qayıdışı ölkəmizi və xalqımızı yox olma təhlükəsindən xilas edib. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrü birləşdirən ən vacib cəhətlərdən biri isə Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət, verdiyi dəyər olub.

1969-1982-ci illərdə ölkəmizə birinci rəhbərliyi dövründə ulu öndərin qərarı ilə 1500-dən çox azərbaycanlı gənc SSRİ-nin nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etdi. Bu gənclər təhsillərini bitirdikdən sonra öz sahələrinə uyğun şəkildə Azərbaycanın inkişafına öz töhvələrini verdilər. Gənclərə göstərilən bu xüsusi diqqət və qayğı ilə dahi şəxsiyyət ölkəmizin gənclər siyasətinin əsasını qoydu.

1988-ci ildən başlayaraq respublikamızda hökm sürən xaos və hərc-mərclik Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilədək davam edən bu şəraitdə torpaqlarımız işğal olunur, mövcud siyasi hakimiyyət şəxsi maraqları naminə Azərbaycanı və xalqımızı uçuruma aparırdı. Bunun nəticəsi idi ki, təhsil sistemi tamami ilə sıradan çıxmış, təhsil müəssisələrinin fəaliyyəti iflic vəziyyətə düşmüş, gənclər müxtəlif qruplaşmalara qoşulmuşdular. Müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanın gəncliyi də ciddi problemlərlə üzləşmişdi. Belə bir vəziyyətdə ulu öndərin hakimiyyətə qayıdışı xalqımızı vahid lider ətrafında birləşdirdi və gələcək Azərbaycan ilk uğurlu addımlarını atdı.

Qısa zaman ərzində acınacaqlı vəziyyətdə olan idarəçilik qaydaya salındı, strukturlaşdırma prosesinə başlanıldı. Ulu öndərin hakimiyyətə qayıdışı ilə tarixi dövlətçilik ənənələri bərpa olundu. Verilən çevik və səmərəli qərarlar tezliklə bütün respublikada sabitliyin yaranmasını şərtləndirdi. Bununla da Azərbaycanın gələcək uğurlarının əsası qoyuldu.

Ümummilli liderin gənclərə olan sevgisi və dəstəyi bu dəfə də özünü qabarıq büruzə verdi. Hakimiyyətə qayıdışın ilk illərindən təhsilin inkişafı üçün ciddi işlər görüldü, gənclərlə əlaqədar müvafiq icra strukturu yaradıldı. Gənclərlə iş sahəsində əsas quruma çevrilən müvafiq nazirliyin yaradılması ölkə gəncliyinin gələcək inkişafında müstəsna rol oynadı.

Azərbaycan gənclər siyasətinin əsasını qoyan ulu öndər mütəmadi olaraq gənclərlə görüşlər keçirirdi. Bu görüşlərdə dahi şəxsiyyət bütün dövrlər üçün aktual olan tövsiyə və məsləhətlərini səsləndirir, eyni zamanda gənclərin fikirlərini dinləyirdi. Belə bir mühitdə gələcəkdə böyük uğurlara imza atacaq Azərbaycan gəncliyi formalaşırdı.

Yeni Azərbaycan Partiyası da ölkə gəncliyinin inkişafı, ictimai-siyasi proseslərdə fəal iştirakçılığını reallaşdıran müstəsna qurum rolunu oynayırdı. Bunun da ən başlıca səbəbi ümummilli lider Heydər Əliyevin qurucusu olduğu partiyada gənclərin səmərəli fəaliyyəti üçün hərtərəfli şəraitin ilk günlərdən başlayaraq yaradılması idi.

Ulu öndərin hakimiyyəti dövründə dünyaya göz açanlar əsl Azərbaycan vətəndaşı modelini özündə tərənnüm etdirən dəyər və prinsiplərlə formalaşmağa başladı. Vətənpərvər, dövlətçiliyə və milli kimliyinə bağlı, savadlı və dünyagörüşlü azərbaycanlı olmaq yolunda addımlayan bu körpələr gələcəyin Azərbaycanına layiqli vətəndaş olaraq hazırlanırdı.

“Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”,- deyən Heydər Əliyev bununla görmək istədiyi Azərbaycan gəncliyinin sahib olmalı olduğu xüsusiyyətləri qeyd edirdi. Güclü, müstəqil və bütöv Azərbaycanın sağlam, savadlı və vətənpərvər gəncliyi də elə bu fikirlərin işığında formalaşırdı.

Beləliklə, dahi şəxsiyyətin dövründə dünyaya göz açan Azərbaycan vətəndaşları vətənpərvər və milli ruhda yetişir, savadlı fərdlər olaraq formalaşırdı.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin hakimiyyəti dövründə gənclik illərini yaşayan bu şəxslər tezliklə Azərbaycan naminə ən böyük uğurlara və qələbələrə imza atmağa başladı. Şübhəsiz ki, bu qələbələrin zirvəsi də Ali Baş Komandanın rəhbərliyi ilə mütləq əksəriyyəti bu gənclikdən formalaşan rəşadətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı düşmən tapdağından böyük qəhrəmanlıqla azad etməsi idi. Heç bir zaman görmədikləri bu torpaqlar uğrunda canından keçən Azərbaycan əsgərinin qələbəsinin təməlində dahi şəxsiyyətin miras qoyduğu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət dayanırdı. Ən ali dəyər və prinsipləri özündə cəmləşdirən bu siyasət Azərbaycan gəncliyinə vətənpərvərliyi, ölkəsinə və dövlətinə bağlılığı aşılamışdı. Bunun nəticəsi idi ki, Azərbaycangəncliyi, xalqımız bir yumruq ətrafında birləşmişdi.

Bu gün Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə regionumuza yeni reallıqlar gətirib. Bu reallıqlar isə Azərbaycan gəncliyinin üzərinə yeni vəzifə və öhdəliklər qoyur. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi, gələcək nəsillərə sahib olduğumuz dəyər və prinsipləri ən uğurlu şəkildə ötürmək bu vəzifələrin bir hissəsidir. Bunun üçün isə bugünkü Azərbaycan gəncliyi ona aşılanmış dəyərlərə ən layiqli şəkildə sahib çıxmalı, özünü hər zaman inkişaf etdirməli, atdığı bütün addımlarda hər şeydən öncə ölkəsini və dövlətini düşünməlidir.

Ümummili lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi olaraq hər zaman dahi şəxsiyyətin həyatını, verdiyi qərarları diqqətlə öyrənir, Azərbaycan naminə etdiyi fədakarlıqları bizdən sonra gələn nəsillərə ötürürük.

Ulu öndərin əsasını qoyduğu Azərbaycan gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edir və yeni qələbələrə imza atır.