YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Oqtay Əsədov Xorvatiyaya rəsmi səfər edəcək

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 18-də Xorvatiya Respublikasına ilk dəfə rəsmi səfər edəcəkdir.

Səfər çərçivəsində nümayəndə heyəti Xorvatiya parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaq, bir sıra görüşlər keçirəcəkdir.

Oqtay Əsədovun xorvatiyalı həmkarı Josip Leko ilə görüşündə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə müzakirələr aparılacaqdır.

Milli Məclis sədrinin Xorvatiya Prezidenti İvo Josipoviç, Baş nazir Zoran Milanoviç, Baş nazirin birinci müavini, xarici və Avropa işləri naziri xanım Vesna Pusiç və digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulmuşdur. Görüşlərdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılacaqdır.

Azərbaycan nümayəndə heyəti, həmçinin Zaqrebdə Xorvatiya Milli Arxivi ilə tanış olacaq, Dubrovnik şəhərində bir sıra mədəni proqramlarda iştirak edəcəkdir.
Nümayəndə heyətinin Xorvatiyaya səfəri mayın 20-də başa çatacaqdır.